Yuxarı

Rafael Ağayev: "Millinin baş məşqçisi ilə döyüşmüşəm"

© Report.az

Bakı. 30 yanvar. REPORT.AZ/ "Bu, 2019-cu ilin ilk yarışı idi. Artıq bir müddət fasilədən sonra məşqlərə başladıq". 

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Karate1 Premyer Liqa turnirində gümüş medal qazanan Rafael Ağayev yarışla bağlı danışarkən deyib. 

34 yaşlı idmançı final görüşündə zədəli olduğu üçün məğlub olmadığını söyləyib: "Düşünmürəm ki, çənəmdən aldığım zədə məni qızıl medaldan məhrum etdi. Həkimlər üç tikiş atmışdılar. Bu, yarışın ilk günündə, ilk görüşün sonlarında oldu. Zaman az olduğu üçün həmin an tikiş atdıra bilmədim, yarışdan sonra tikiş qoyuldu. Finalda isə bu vəziyyətdə yarışdım və 0:1 hesabı ilə uduzdum. Amma həvəsdən düşmürəm. Hər yerdə çox adam söz deyə bilər. Əsas idmançı kimi özümüz qiymət verməliyik. Düşünürəm ki, gələcək yarışlarda qızıl medal və ən azı gümüş və ya bürünc medal qazanmalıyam. Əsas hədəfim, ilk növbədə, növbəti ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Başqa idman növlərinə baxanda karatedə lisenziya qazanmaq çox çətindir. 250 idmançıdan əvvəlcə 100-nü seçdilər, sonra 61 və 64 nəfərin içindən cəmi 4 nəfər olimpiadaya düşəcək. Dünya reytinqində birinciyəm. Olimpiya reytinqində isə 4-cü yerdəyəm. Düşünürəm ki, iki yarışda finalçı olsam, 1-lə 4-ün yerlərini dəyişdirəcəyəm".

Karateçi Azərbaycan yığmasına yeni gətirilən türkiyəli mütəxəssis Bahəddin Kandazı daha öncə idmançı kimi tanıdıqlarını bildirib: "Vaxt olub ki, millinin baş məşqçisi ilə döyüşmüşəm. Federasiya rəhbərliyinə çox sağ ol demək istəyirəm ki, məşqçini dəvət etdilər. Komanda və məşqçi bir-birimizə öyrəşdik. Məşqlərimiz davam edir. İlin ilk yarışı olduğuna görə bütün idmançılar formada deyil. Bunu ilin ilk yarışı üçün yaxşı nəticə hesab etmək olar". 

Ağayev olimpiadada özünə iki şəxsi güclü rəqib hesab etdiyini vurğulayıb: "Rəqibimi qiymətləndirirəm və ikisini digərlərinə nisbətən daha güclü hesab edirəm. Biri Yaponiya, digəri isə İtaliya idmançısıdır. Son yarışın finalında 0:1 hesabı ilə məğlub oldum. Yapon idmançının zəif olduğunu və mənim orada xalım olduğunu demək istəmirəm. Hakimlər də robot deyil. Onlar da insandırlar, bunu başa düşürəm. Eybi yox, olimpiadaya qədər hamısı məni məğlub etsin. Əsas odur ki, orada nəticə qazanıb Yay Olimpiya Oyunlarında damğanı qoyum və qızıl medalı əldə edim. Ondan sonra isə karyeramı bitirəcəyim və ya davam edəcəyim barədə qərar verəcəyəm".

Beşqat dünya çempionu yarışda aldığı zədəyə görə nə vaxt əməliyyat olunacağını bilmədiyini deyib: "Artıq ayağımda olan əməliyyatı beş ildir ki, özümlə daşıyıram. Hansısa həkimlər demişdi ki, karate ilə sağollaşmalısan. Amma mən özümdə iradə tapdım. Müalicə etdim. İndi yarışa çıxanda ayağımı bağlayıram. İşləyən əlimdə də travma var. Neçə illərdir ki, bu da mənimlədir. Bilirəm ki, əməliyyat olunmalıdır. Amma belə olacağı təqdirdə ya əməliyyatı, ya da olimpiadanı seçməliyəm. Mən də idmanı çox sevirəm, düşünürəm ki, şansım var və bunu dəyərləndirəcəyəm".

Təcrübəli idmançı yığmanın digər karateçilərinin medal qazana bilməməsinə də toxunub: "Bu barədə nəyin çatışmadığını, əlbəttə ki, baş məşqçi və köməkçiləri bilər. Hər bir idmançının öz xarakteri, idmanla bağlı iradəsi, istəyi və planı var. Hazırda cəmi bir medal oldu. Dubay Karate1 Premyer Liqa turnirində iştirak edəcəyik. Orada öz sözümüzü deyəcəyik. Düşünürəm ki, məşq prosesləri hələ bədənimizə tam yatmayıb. Yığma 5-6 aydan sonra öz sözünü çox rahat deyə biləcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi