Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının son günündə Azərbaycan sərbəst güləşçilərini yüzədək azarkeş dəstəkləyəcək.
Bu barədə "Report"un yarışa ezam olunmuş əməkdaşına Azərbaycanın Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov bildirib. Onun sözlərinə görə, bununla bağlı yerli icma təşkilatları da məlumatlandırılıb.
“Dünya çempionatının çox əhəmiyyətli yarış olduğunu və güləşin Azərbaycanın idman həyatında mühüm yer tutduğunu nəzərə alaraq, səfirliyin təşkilatçılığı ilə burada yaşayan həmyerlilərimiz ilk gündən güləşçilərimizi dəstəkləmək üçün fəal şəkildə iştirak edib. Bununla yanaşı səfirliyimizin əməkdaşları və icma təşkilatlarının nümayəndələri güləşçilərimizə dəstək veriblər. Özüm də bir neçə dəfə yarış zalında olmuşam”.
Səfir həmçinin, bu müddət ərzində Nur-Sultanda olan Azərbaycan dövlət qurumlarının nümayəndələrinin də şəxsi istəkləri ilə "Barıs Arena"da komandanı dəstəklədiklərini bildirib.
Diplomatik korpus rəhbəri bu gün Cəbrayıl Həsənov və Şərif Şərifova final görüşlərində özü və səfirliyin 10 əməkdaşı, ümumilikdə isə 100-dək həmyerlimizin azarkeşlik edəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medal və 2 lisenziya ilə başa vuracaqları məlum olub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Şərifov həm də "Tokio-2020"yə lisenziya qazanıb. Final görüşləri bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.