Yuxarı

Nurlan Səfərov: "İlk hədəfim Avropa çempionu olub, Olimpiadaya lisenziya qazanmaq idi"

Bakı. 27 aprel. REPORT.AZ/ “Döyüşlərim çox çətin keçdi. İlk 4 görüşümlə müqayisədə final qarşılaşması daha gərgin alındı. Çünki döyüşlər arasında dincəlməyə, bərpa olunmağa elə də çox vaxt yox idi”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına açıqlamasında İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənclər arasında Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan yığmasının boksçusu Nurlan Səfərov deyib.

O, həm bu, həm də Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı fikirlərini açıqlayıb: “Qitə birinciliyinə məhz çempionluq üçün yollanmışdım. Çünki əvvəldən qarşıma bir sıra məqsədlər qoymuşam. İlk hədəfim Avropa çempionu olaraq, olimpiadaya lisenziya qazanmaq idi. Bunun öhdəsindən gəldim. Növbəti yarışımız dünya birinciliyi olacaq. Mundialın ardınca Yay Olimpiya Oyunları keçiriləcək. Ancaq qarşıdakı turnirlərlə bağlı bütün qərarları yığmamızın baş məşqçisi Vaqif Şirinov verəcək”.

60 kq çəki dərəcəsində qitənin ən güclüsü olan Səfərov uğurunu təlim-məşq toplanışlarının yüksək səviyyədə keçməsi ilə əlaqələndirib. O, bunun üçün federasiyaya, məşqçilərə təşəkkür edib: “Oktyabrda Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurlu çıxış etmək üçün məşqlərimi daha da sürətləndirəcəyəm. Orda da istəyim dəyişməz qalacaq. Yarışa kimi daha da yaxşı forma yığıb, Olimpiya çempionu olmaq istəyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi