Yuxarı

Namiq Əsədov: “Bakı Marafonu 2016” həyatımda böyük dəyişikliklərə səbəb oldu” - VİDEO

“Qaçış yolunda insanın ən böyük rəqibi özüdür”

Bakı. 11 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017” yarışına hazırlıq çərçivəsində "Bakı Marafonunun İnsanları" layihəsinə start verilib. “Report”un məlumatına görə, “Sport Marketing Group” (SMG) şirkətinin təşkilatçılığı ilə reallaşan layihənin ilk qonağı “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov olub.

Gənc atlet video-müsahibəsində “Bakı Marafonu 2016”da qalib gəlməsi ilə bağlı təəssüratlarını bölüşüb. N.Əsədov marafonun onun həyatını dəyişdiyini söyləyib: “Marafonun son 3 kilometri qurtarmaq bilmirdi. Bu hissəni çox çətin və keçilməz yol adlandırardım. Özümə “döz-döz” deyə-deyə qaçırdım. Yaxşı ki, Pedro yanımda idi. O, hər çətin vaxtımda “Go-Go” söyləyib, məni çağırırdı. Bütün həyatımı göz önünə alırdım ki, bu finişdən sonra məni nələr gözləyir. Finişdən sonrakını düşünərək, axıra qədər gəlib çatdım. Yarışda qələbə qazanaraq, həyatımı dəyişmək fikrində idim. Buna inanırdım və bu da mənə böyük motivasiya verirdi”.

“Bakı Marafonu 2017”yə qatılmaq istəyənlərə həftənin şənbə və bazar günləri məşqlər keçən atlet qalib olmaq üçün dözüm və səbr tələb olunduğunu vurğulayıb. O, qaçışın həm fiziki, həm də mənəvi cəhətdən istirahət olduğunu bildirib: “Qaçış yolunda insanın ən böyük rəqibi özüdür. Özünə qalib gəldikdə rəqiblərinə də qalib gəlmək mümkündür. Bunun üçün dözmək və səbr lazımdır. Qaçışı sevirəm. Qaçan zaman təkcə fiziki yox, həm də mənəvi cəhətdən istirahət edirəm. Ruhən özümü yüngül hiss etdiyim üçün qaçıram. “Bakı Marafonu 2016” həyatımda böyük dəyişikliklərə səbəb oldu. Bu dəyişikliklərdən sonra mənə yaxınlaşanların sayı çoxaldı. Bunun nəticəsidir ki, “Bakı Marafonu 2017”də iştirak etmək istəyənlərin məşqçisiyəm. Nəinki sürətliyəm, işimi də sürətli etməyə çalışıram”.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi