Azərbaycan gimnastı Dünya Kubokunun finalında - YENİLƏNİR

Azərbaycan gimnastı Dünya Kubokunun finalında - YENİLƏNİR Azərbaycan tamblinqçisi Fərid Mustafayev Bakıda start götürən Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Fərdi
15 Fevral , 2020 11:36
Azərbaycan gimnastı Dünya Kubokunun finalında - YENİLƏNİR

Azərbaycan tamblinqçisi Fərid Mustafayev Bakıda start götürən Dünya Kubokunun finalına vəsiqə qazanıb.

“Report”un məlumatına görə, yarışa təsnifat mərhələsindən başlayan 18 yaşlı idmançı iki cəhdin nəticəsinə əsasən, hakimlərdən 60.900 xal alaraq 11-ci yeri tutsa da, adını həlledici mərhələyə yazdırıb.

Qaydalara əsasən, finala bir ölkənin maksimum 2 təmsilçisi yüksələ bilər. Mustafayevdən əvvəlki yerlərdə Rusiyanın 4, ABŞ-ın 3 təmsilçisi qərarlaşıb. Bu isə o deməkdir ki, Rusiyanın 2, ABŞ-ın 1 təmsilçisi mübarizəni dayandırmalı olub. Nəticədə Azərbaycan idmançısı ilk “səkkizliy”ə daxil olub.

Finalda Qazaxıstanın 2, Avstraliyanın isə 1 təmsilçisi də mübarizə aparacaq. 


*** 09:15

Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start veriləcək.

"Report"un məlumatına görə, iki gün davam edəcək yarış Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yarışın ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək. Dünya Kubokunda Azərbaycanı Selcan Mahsudova batut, Fərid Mustafayev isə tamblinq növündə təmsil edəcək.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Proqrama əsasən, bu gün saat 10:00-da tamblinq üzrə kişilərin, saat 10:50-də qadınların təsnifat yarışları başlanacaq. Saat 11:40-da isə batutçu kişi və qadınlar fərdi təsnifat yarışı start götürəcək. Saat 18:30-dan etibarən batutçu kişi və qadın sinxron cütlükləri arasında təsnifat mübarizəsi gerçəkləşəcək.  

Fevralın 16-sı saat 12:00-da batutçu qadınlar, saat 12:30-da kişilərin fərdi mübarizəsində finallar, saat 13:00-da mükafatlandırma və "AGF Trophy"nin təqdimetmə mərasimi olacaq. Saat 13:15-də tamblinq növündə kişilər, saat 13:45-də qadınların yarışı başlanacaq və 14:15-də mükafatlandırma mərasimi və "AGF Trophy"nin təqdimetmə mərasimi start götürəcək. 

Batutçu kişi və qadın sinxron cütlüklərin final çıxışlarına saat 14:30-dan etibarən başlanılacaq. Dünya Kubokuna saat 15:00-da mükafatlandırma mərasimi ilə yekun vurulacaq. 

Qeyd edək ki, Dünya Kubokunda 30 ölkənin 150-dək gimnastı mübarizə aparacaq. Biletləri Arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ əldə etmək mümkündür. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final gününə 15 manat təşkil edir. Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da olimpiadaya təsnifat xarakterli olub. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi