Yuxarı

Aleksandr Lukaşenko: "Avropa Oyunları müstəqil Belarusun tarixində mühüm ictimai-siyasi tədbirdir"

Lukaşenko II Avropa Oyunlarından danışdı
Belarus prezidenti Aleksandr Lukaşenko

"Belarus yığması “Minsk 2019” II Avropa Oyunlarında minimum 43 medal qazanmalıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında qurumun rəhbəri və ölkə Prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus komandası “Bakı 2015” I Avropa Oyunlarında 10 qızıl, 11 gümüş və 22 bürünc olmaqla 43 medal əldə edib. Dövlət başçısının fikrincə, ölkələrində keçiriləcək yarışlarda ən azı bu göstəricini təkararlamalıdırlar: “Avropa Oyunlarında medal sayı ilə bağlı açıqlama verilməyib. Buna rəğmən, konkret məqsəd belədir: Medal sayı Bakıdakından az olmamalıdır. Oyunlar bizim arenalarda, doğma publika önündə keçiriləcək. Ona görə də yerli idmançıların pis çıxış etmək haqları yoxdur. İstərdim ki, bu tələb idmançı və məşqçilərə çatdırılsın. Onları döyüşə hazırlayın, qələbəyə kökləyin. Bu, döyüşdür, lap istəsəniz – qaynar olmayan müharibədir. İdman istənilən dövlətdə xalqın ruhunu yüksəldən ilahi ideologiyadır”.

A.Lukaşenkonun sözlərinə görə, II Avropa Oyunları müstəqil Belarusun tarixində mühüm ictimai-siyasi tədbirdir.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub. Azərbaycan millisi bu yarışda 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, əldə etdiyi 56 medalla 2-ci yeri tutub. Rusiya yığması isə ən çox - 164 medal (79 qızıl, 40 gümüş və 45 bürünc) götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi