Bakı. 26 yanvar. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycanın 3 cüdoçusu medal görüşlərinə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc, İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda mübarizə aparacaq.
Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub. Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medala sahib olmaq üçün estoniyalı Klen Kristofer Kalyulaydı da məğlub etməlidir.
90 kq çəkidəki azərbaycanlı digər cüdoçu Tural Safquliyev ilk görüşdə finlandiyalı Aatu Laamanenə qalib gəlsə də, 1/8 finalda hollandiyalı Bas van Empelenə uduzaraq, mübarizəni dayandırıb.
Kokauri rumıniyalı Daniel Natya və belaruslu Aleksandr Vaxavyakı yendikdən sonra yarımfinalda israilli Or Sassana uduzub. O, bürünc medal görüşündə rusiyalı Anton Krivobokovla üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki azərbaycanlı digər cüdoçu Şahin Qəhrəmanov ilk görüşdə çilili Fransisko Solisi məğlub etsə də, 1/8 finalda ukraynalı Yakov Xammoya uduzaraq mübarizəni dayandırıb.
Kindzerska ardıcıl olaraq fransalı Lauro Fuzo, litvalı Sandra Yablonskite və sloveniyalı Anamari Velenşeki üstələyərək finala yüksəlib. Həlledici qarşılaşmada onun rəqibi ukraynalı Yelizaveta Kalanina olacaq.
Daha bir medal ümidi Elmar Qasımov (100 kq) isə elə ilk görüşdəcə rumıniyalı Luka Kunsaboya uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 12 təmsilçisindən İbrahim Əliyev (66 kq) və Murad Fətiyev (81 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb. 53 ölkədən 379 idmançının qatıldığı Qran-prinin ümumi mükafat fondu 100 min dollardır.