Bakı. 26 yanvar. REPORT.AZ/ Karate üzrə Azərbaycan millisinin üzvü Rafael Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Karate1” Premyer Liqa turnirinin finalına yüksəlib.
Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, ikinci görüşün ortalarında çənəsindən zədələnən R.Ağayev sonrakı iki görüşdə də qalib gəlib. Yarımfinalda sifətindən daha bir zədə alan karateçimiz, bazar günü finalda turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə qarşılaşacaq.
Daha üç idmançımız, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsalar da, medal qazanmaq şansını əldən veriblər.
Qeyd edək ki, bu gün daha 10 idmançımız mübarizəyə qatılacaq. Mükafatçıların yekun nəticəsi yanvarın 27-də məlum olacaq.
Karate üzrə Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək “Karate1” Premyer Liqa turnirində iştirak edir.