Yuxarı

Güləş üzrə dünya çempionatında Azərbaycanın son 3 təmsilçisi erkən məğlub olub

Milli komanda cəmi bir qızıl medal qazana bilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 8-ci günündə Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

"Report" xəbər verir ki, dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev (77 kq) yarışa qələbə ilə başlayıb. Təcrübəli güləşçi polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin, o, 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisi Aleksandr Çekirkinə uduzub.

Orxan Nuriyev (97 kq) 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisi Melonin Numonviyə məğlub olub.

Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti (130 kq) də ilk mərhələdə ukraynalı Aleksandr Çernetskiyə uduzub.

Bununla da dünya çempionatında Azərbaycan təmsilçilərindən yeganə qızıl medalı yunan-Roma güləşçisi Eldəniz Əzizlinin (55 kq) qazandığı məlum olub. 

Qeyd edək ki, Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) və qadın güləşçi İrina Netreba (65 kq) bürünc medal qazanıb. Bu gün daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal görüşünə çıxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi