Gənclər və idman naziri ilin yekunlarına dair hesabatı açıqlayıb

Gənclər və idman naziri ilin yekunlarına dair hesabatı açıqlayıb Azərbaycan idmançıları 347 qızıl, 236 gümüş və 268 bürünc medal qazanıblar
Fərdi
25 Dekabr , 2017 15:14
Gənclər və idman naziri ilin yekunlarına dair hesabatı açıqlayıb
Report.az

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan idmançıları 2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 347 qızıl, 236 gümüş və 268 bürünc olmaqla, ümumilkdə, 851 medal qazanıblar.

"Report" xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bidirib ki, ölkədə 219 respublika, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər: “2017-сi il ərzində ayrı-ayrı idman növləri üzrə 92 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən, 7 nəfər ali, 84 nəfər birinci, 1 nəfər ikinci kateqoriya alıb. Bundan başqa, 12 nəfərə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 12 nəfərə “Respublika Dərəcəli Hakim”, 41 nəfərə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, 23 nəfərə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilib, 61 nəfər İdman ustası normasını yerinə yetirib, 3 nəfərə isə dublikat vəsiqə təqdim edilib. İdman növləri üzrə yığma komandaların hazırlığı ilə əlaqədar 660-dan artıq idmançının “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda” və “Respublika İdman Tibb Mərkəzində” müayinə və müalicəsi aparılıb.

Nazir müxtəlif idman yarışlarında qazanılan medallardan söz açıb. O deyib ki, 2017-ci ilin ikinci yarısında 48 qızıl, 38 gümüş və 56 bürünc medal təkcə rəsmi yarışlarda qazanılıb.

A.Rəhimov 2017 – 2020-ci illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı, Azərbaycan Respublikası idmançılarının XXXII Yay Olimpiya Oyunlarına Hazirlıq Konsepsiyasının lahiyəsi və 2018-ci il üçün idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahılarının hazırlandığını diqqətə çatdırıb.

Gənclər sahəsində görülmüş işlərdən söz açan nazir qeyd edib ki, 2017-ci il ərzində 141 tədbir keçirilib, onlardan 123-ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Gənclər təşkilatlarının 109 layihəsi maliyyələşib, 261 nəfər xarici ölkələrə ezam olunub, 2334 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib: “2 fevral 2017-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 gənc "Gənclər üçün Prezident Mükafatı" ilə təltif edilib. Azərbaycan Gəncləri günü münasibətilə 28 istedadlı və yaradıcı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Balakən rayonu 2017-ci ildə Azərbaycanın Gənclər Paytaxtı elan olunub. Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu və 13 - 19 avqustda Bakıda 41-ci Dünya Skaut Konfransı keçirilib. Hər iki tədbirdə 166 ölkədən 1500-dən artıq skaut iştirak edib. Bu, 140 milyonluq Dünya Skaut Konfransının 100 illik tarixində ən geniş sayda tədbir olub”.

A.Rəhimov beynəlxalq əlaqələr sahəsində görülmüş işlər haqda məlumat verib. Nazir bildirib ki, müxtəlif ölkələrlə önəmli sənədlər imzalanıb.

Şirvan şəhərində Gənclər evinin, Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılıb. Nazir Lənkəranda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdiyini deyib: “Tikintisinə başlanmış və inşası davam edən obyektlər də var. Bunlar Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri, Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri, Bakıda Olimpiya Hərəkatı və İdman Muzeyi, Şəki, Quba, Bərdə və Şamaxıda Gənclər evləri, Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarıdır. Cari ildə Bakıda təşkil edilən Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar müvəqqəti konstruksiyalardan istifadə etməklə Azadlıq meydanında PİT binasının və digər bina, konstruksiyaların tikinti-quraşdırma işləri aparılıb. IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi obyektlərdə konstruksiyaların tikinti-quraşdırma işləri həyata keçirilib”.

A.Rəhimov 2018-ci ildə keçiriləcək mötəbər idman tədbirləri haqda da məlumat verib. Onlar arasında beynəlxalq yarışlar da var: “Gələn il Azərbaycanda tennis üzrə Avropa turniri, idman gimnastikası və bədii gimnastika üzrə Dünya Kuboku, batut, tamblinq və ikili mini-batut gimnastikası üzrə Avropa çempionatı, Formula 1 üzrə Azərbaycan Qran Prisi, “Shamkir Chess-2018” beynəlxalq superturniri, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, cüdo üzrə dünya çempionatı, Dünya Anti-Doping Agentliyinin İcraiyyə Komitəsi və Fondun İdarə Heyətinin iclası keçiriləcək. 2018-ci ilin I yarısında gənclər sahəsində də bir sıra beynəlxalq tədbirlər baş tutacaq”.

Son xəbərlər

Orphus sistemi