Gəncə şəhər stadionuna baxış keçirilib

Gəncə şəhər stadionuna baxış keçirilib "Bura Rusiyada saldığımız 6 meydandan heç də fərqlənmir"
Fərdi
2 Oktyabr , 2017 17:17
Gəncə şəhər stadionuna baxış keçirilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Gəncə şəhər stadionunun əsas meydanının yenilənmə prosesi yekunlaşmaq üzrədir. 

"Report"un məlumatına görə, işlər tamamlanmaq mərhələsində olduğundan qazon yoxlamadan keçirilib.

Bunun üçün arenada işləri həyata keçirən SİS şirkətinin əməkdaşları Gəncəyə gəliblər. Şirkətin portuqaliyalı və türkiyəli mütəxəssisləri vəziyyətlə yerində tanış olublar. Xüsusi texniki cihazlar vasitəsi ilə sahəyə baxış keçirilib, müvafiq qeydiyyatlar aparılıb. Meydançanın stabilliyinə, qazonun sərtliyinə nəzər salınıb, ot örtüyünün keyfiyyətinə baxılıb.

Təftişlə bağlı SİS şirkətinin meydançalara baxım işləri üzrə direktoru Karlos Reyis kapazpfc.az saytına açıqlamasında test yoxlamasının uğurlu nəticə verdiyini bildirib: "Vəziyyət yaxşıdır. Gəncədəki bu meydan Avropa stadionlarında olduğu kimi salınıb. Keyfiyyət eynidir. Qazonun hazırlanmasında görülən işlər, spesifik xüsusiyyətlər, texniki göstəricilər dünya çempionatına ev sahibliyi edəcək Rusiyada saldığımız 6 meydandan heç də fərqlənmir. Eyni şərtlər altında iş görüldüyündən, duruma xas olan səciyyəvi özəlliklər də üst-üstə düşür. Hətta deyərdim ki, burada ot örtüyünün şəraiti daha yaxşıdır. Meydançanın ətrafı açıq olduğu üçün havalandırması əladır. Bu da arenanın üstünlüyüdür”.

"Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın müasir standartlara cavab verən yeni ot örtüyünün yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, mayın əvvəlindən başlanan işlər AFFA-nın maliyyə dəstəyi ilə aparılır.

Son xəbərlər

Orphus sistemi