Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" komandalarına kömək məqsədilə qaynar xəttin açıldığını elan edib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu yolla qaydaları pozan pilotları və ya komandaları ifşa etmək mümkün olacaq.
Məlumat verən şəxslərin anonimliyi qorunacaq. Fasiləsiz fəaliyyət göstərəcək qaynar xətt vasitəsilə etik prinsiplərin pozulması, maliyyə pozuntusu, rüşvət və saxtakarlıq, idman yarışlarının nəticələrinin potensial manipulyasiyası, həmçinin dopinqlə bağlı şikayət etmək mümkündür.
Məxfilik prinsiplərinə baxmayaraq, ərizəçi şikayətinin etibarlılığına əmin olmalıdır. Müraciət yalan olarsa, məlumat verənə qarşı inzibati və hətta cinayət işi açıla bilər.