FİDE prezidenti dünya çempionu Harri Kasparovun şahmata qayıtmaq istəməsinə münasibət bildirib

FİDE prezidenti dünya çempionu Harri Kasparovun şahmata qayıtmaq istəməsinə münasibət bildirib “O, rüşvət verdiyi üçün bu ilin oktyabr ayına qədər diskvalifikasiya edilib”
Fərdi
6 İyul , 2017 19:42
FİDE prezidenti dünya çempionu Harri Kasparovun şahmata qayıtmaq istəməsinə münasibət bildirib

Bakı. 6 iyul. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov 13-cü dünya çempionu Harri Kasparovun bu ilin avqustunda ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq “Grand Chess Tour”da iştirak etmək istəməsinə münasibət bildirib.

“Report”un məlumatına görə, federasiya rəhbəri “R-Sport”a açıqlamasında əslən bakılı olan qrossmeysterin 2015-ci ildə FİDE-nin Etika Komissiyası tərəfindən 2 il müddətinə diskvalifikasiya olunduğunu və cəzasının oktybar ayında başa çatacağını xatırladıb. 

Onun sözlərinə görə, H.Kasparov yarışa qatılmaqla qurumun Etika Komissiyasının qərarını pozmuş olacaq: “Kasparovun şahmata qayıtması yaxşı haldır. O, şahmatda çox şeyə nail olub və dünya çempionu tituluna sahib çıxıb. Digər tərəfdən, FİDE tərəfindən bu ilin oktyabr ayına qədər diskvalifikasiya edilib. Kasparov prezident seçkisi zamanı Sinqapur Şahmat Federasiyasının rəhbəri İqnatius Leonqa rüşvət verməsi ilə əlaqəli FİDE-nin Etika Komissiyası tərəfindən istənilən fəaliyyətdən 2 il müddətinə kənarlaşdırılıb”.

K.İlümjinov məsələ ilə bağlı son qərarı Etika Komissiyasının verəcəyini deyib: “Bu, müstəqil orqandır və yalnız FİDE-nin baş assambleyasına tabedir. Son qərarı bu qurum verəcək. Söhbət özəl turnirdən gedir və yəqin ki, Kasparov hüquqşunaslarla məsləhətləşib. Hərçənd yarışın nəticələri iştirakçıların FİDE reytinqində hesablanacaq. Kasparov şahmata qayıtmaq istəyirsə, bu qərarı dəstəkləyirəm. Onun reytinqi sıfırlanmayıb. Lakin bu məsələyə Etika Komissiyası baxır”.

Qeyd edək ki, Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub və bir sıra müxalif hərəkatların sıralarına qatılıb.

Son xəbərlər

Orphus sistemi