Bakı. 22 oktyabr. REPORT.AZ/ "Ferrari" pilotu Kimi Raykonnen Ostin avtodromunda keçirilən Formula-1 üzrə ABŞ Qran Prisinin qalibi olub.
"Report"un məlumatına görə, finlandiyalı idmançı 56 mərhələnin yekununda finişə 1 saat 34 dəqiqə 18,643 saniyəyə çatıb. Bununla da aktivinə daha 25 xal yazdıran Raykonnen ümumi sıralamada üçüncü yerə yüksəlib.
İkinci yeri ona 1,281 saniyə uduzan "Red Bull Racing"in hollandiyalı pilotu Maks Ferstappen, üçüncü pilləni "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton tutub. Onlar müvafiq olaraq, 18 və 15 xal toplayıblar. Finişə dördüncü çatan "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel daha 12 xal yığıb və dünya çempionluğu üçün nəzəri şanslarını saxlayıb. Hazırda Hemiltonun 346, Fettelin 276 xalı var. 221 xalı olan Raykonnen isə çempionluq şanslarını itirib.
Maşınların mübarizəsində isə 563 xala malik "Mercedes"in "Ferrari" üzərində üstünlüyü 66 xala enib. "Red Bull" isə 337 xalla 3-cü yerdədir.
Qeyd edək ki, növbəti "Qran-Pri" 26 - 28 oktyabrda Meksikada keçiriləcək.