"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində "Skuderiya"nın pilotu Sebastyan Fettelə qoyulmuş 5 saniyəlik cərimədən apelyasiya verəcək.
"Report"un məlumatına görə, "Ferrari"nin ötən gün yarış zamanı verilmiş qərardan şikayət üçün 96 saat vaxtı var. Bu müddətdə stüardların qərarına təsir edə biləcək yeni dəlillər göstərmək lazımdır.
Fettel ot üzərinə çıxdıqdan sonra trasa təhlükəli qayıdışı ilə əlaqədar 5 saniyəlik cəzaya məruz qalıb. Onun belə hərəkəti üzündən arxadan gələn "Mercedes" pilotu Lüis Hemilton əyləci basmalı olub. Hemilton bunu həm almaniyalı əsas rəqibi, həm də hasarla toqquşmamaqdan ötrü edib. Fettel finişə birinci çatsa da, cərimələndiyi üçün qələbəni əldən verib və ikinci yerlə kifayətlənib.
"Ferrari"nin apellyasiya vermək istəyinə rəğmən, Beynəlxalq Avtomobil Federasiyası Kanada Qran-prisinin rəsmi nəticələrini elan etməyi təxirə salmayıb. "Formula 1"in əsasnaməsinə görə, 5 saniyəlik cərimələrə baxıla bilməz. Etiraz komanda yeni faktlar təqdim edəcəyi halda qəbul olunacaq.