"Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir".
Bunu "Report"a açıqlamasında İtaliyanın paytaxtı Romadakı yarışda qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.
77 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, öncədən qızıl medal qazanacağına inanmayıb: "Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz".
S.Süleymanov növbəti hədəfinin Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmaq olduğunu söyləyib: "Federasiya rəhbərliyi razı olsa, lisenziya yarışlarına qatılmaq istəyirəm. Olimpiadada bu nəticəni təkrarlamaq niyyətindəyəm".
Təsnifat mərhələsində erməni əsilli Aik Mnatsakanyanı (Bolqarıstan) 5:3, yarımfinalda isə Ermənistan təmsilçisi Karapet Çalyanı 3:0 hesabı ilə üstələyən güləşçi həmin görüşlər barədə təəssüratlarını bölüşüb: "Qarşılaşmalara erməni olduqları üçün məğlub olmaq fikri ilə çıxmamışdım. Məndə ikiqat məsuliyyət var idi. Onlara qalib gəldim. Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir".