Yuxarı

Elxan Məmmədov: "Doğma meydanda mübarizə aparmaq bizə mənfi təsir etdi" - MÜSAHİBƏ

Bakı. 26 sentyabr. REPORT.AZ/ Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının məşqçisi və dünya çempionu Elxan Məmmədovun "Report"a müsahibəsi:

- Dünya çempionatında fərdi yarışlar başa çatdı. Yekun nəticələr barədə nə deyə bilərsiniz?

- Komandamızdan çox şey gözləyirdik. Düşünürəm ki, psixoloji stress idmançılarımıza tam olaraq güclərini göstərməyə imkan vermədi. Çünki gözləmədiyimiz cüdoçular daha yaxşı güləşdilər. Psixoloji amil öz sözünü dedi. Doğma meydanda mübarizə aparanda həm dəstək çox olur, həm də idmançı sıxılır.

- Doğma meydan amili bizə mənfi təsir etdi?

- Bəli. Doğma meydanda mübarizə aparmaq bizə mənfi təsir etdi. Mən elə düşünürəm. Uşangi Kokauri heç vaxt bu cür güləşməyib. Hazırlıq proseslərini tam keçdiyi üçün necə idmançı olduğunu göstərdi. Bütün idmançılar yaxşı güləşə bilərdi. Sadəcə, psixoloji təsir oldu. Daha uğurlu nəticələr əldə edə bilərdik.

- 100 kq-dan artıq çəkidə iki idmançımız mübarizə apardı. Düşünürsünüzmü siz daha yaxşı çıxış edə bilərdiniz?

- Sözün düzü, mənim boynuma başqa iş qoyuldu. Bakıdakı dünya çempionatında yığma komandaya köməklik etməliydim. Mən isə öz işimi gördüm. Gənclərə yol açdım. Amma Xorvatiyada mən də pis formada deyildim. İki işlə birgə bacarmaq olmur. Ona görə də dünya çempionatında məşqçi kimi köməklik göstərməyi seçdim. Sabah komanda yarışları olacaq.

- Bundan sonrakı hədəfləriniz nədən ibarətdir?

- Məşqlərə başlamaq fikrim var. Hansı çəkidə başlayacağımı hələ ki, bilmirəm. Buna məşqlərdən sonra qərar verəcəyəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi