Dörd boksçumuz dünya çempionatının yarımfinalına yüksəlib

Dörd boksçumuz dünya çempionatının yarımfinalına yüksəlib Yarımfinal görüşləri oktyabrın 11-də oynanılacaq.
Fərdi
10 Oktyabr , 2015 23:35
Dörd boksçumuz dünya çempionatının yarımfinalına yüksəlib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 10-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatında dörddəbir final mərhələsinə start verilib.

Yarışda Azərbaycan milli komandasının dörd boksçusu yarımfinala yüksəlib.

Əvvəlcə Abdulqadir Abdullayev (91 kq) azarkeşləri qələbə ilə sevindirib. Boksçumuz dörddəbir finalda argentinalı Yamil Peralta ilə dueldən qalib ayrılıb - 3:0. Millimizin üzvü yarımfinalda kubalı Erislandi Savonla üz-üzə gələcək.

Elvin Məmişzadə (52 kq) çempionatda növbəti görüşünü də qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb. İdmançımız bu çəki dərəcəsində dörddəbir finaldakı rəqibi Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşmada vaxtından əvvəl qalib gəlib.

Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) fransalı Sofian Oumihanu məğlub edib - 3:0. Millimizin üzvü yarımfinalda kubalı Latsaro Alvereslə üz-üzə gələcək.

Pərviz Bağırov (69 kq) isə dörddəbir finalda Pekin Olimpiadasının bürünc, London Olimpiadasının isə qızıl medalçısı, 2009-cu ilin dünya çempionu Kuba təmsilçisi Roniel İqlesiasla üz-üzə gəlib. Üç raunddan sonra hakimlər həmyerlimizin üstünlüyünü qeydə alıblar - 2:1.

Beləliklə, hər dörd idmançımız dünya çempionatının ən azı bürünc medalını təmin ediblər.

Boksçularımızdan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenzo Sotomayor (64 kq) dörddəbir final mərhələsində mübarizəni dayandırıblar.

Yarımfinal görüşləri oktyabrın 11-də oynanılacaq.

Son xəbərlər

Orphus sistemi