Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi koronavirusa görə bu qərarı qəbul edib. Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prillər təxirə salınıb.
IJF cüdo ailəsini qorumaq və dünyada ümumi təhlükəsizlik tədbirlərinə əmək etmək üçün bu addımı atdıqlarını bildirib. Federasiya koronavirusla bağlı vəziyyətin təhlükəli və kritik olduğunu vurğulayan qurum qarşıdakı günlərdə yarışlarla bağlı daha ətraflı məlumatın veriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Gürcüstan və Türkiyədəki yarışlarda Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub. Daha öncə koronavirus səbəbindən 6 - 8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub.