Bakı. 25 oktyabr. REPORT.AZ/ "Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunları Azərbaycanın növbəti uğurudur".
"Report" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.
O, yarışdakı nəticələrin çox yaxşı olduğunu bildirib: "Əvvəlki olimpiadalarla müqayisədə medallar az görünə bilər. Amma nəzərə almalıyıq ki, iştirakçımız da az idi. Bu yarışlar daha gərgin keçib".
Ç. Hüseynzadə Azərbaycanın 7 idman növü üzrə medal qazanmasının böyük nailiyyət olduğunu vurğulayıb: "Hər idman növündə bir idmançımız təmsil olunurdu. Güləş üzrə yarışa bir oğlan və bir qız idmançı ilə yollanmışdıq. Hər ikisi medal qazandı. Cüdoda isə Argentinaya bir idmançımız getmişdi və o da qızıl medala sahib oldu. Ağırlıqqaldırma idman növündə də idmançımız gümüş medal əldə etdi. Yeddi idmançı yeddi idman növünü təmsil edərək, Azərbaycanın həqiqətən də idman ölkəsi olduğunu sübut etdi. Bütün idmançılarımızı təbrik edirəm. Onlara gələcək yarışlarda uğurlar arzulayıram. Onlar hələlik gəncdirlər. Arzu edirəm ki, böyüklərin olimpiadasında da belə medallarla geri dönsünlər".
Qeyd edək ki, Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Yekunda Azərbaycan komandası medal əyarına görə, 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.
Azərbaycan idmançıları “Sinqapur-2010” olimpiadasında 8 (5 qızıl, 3 gümüş), “Nankin-2014”də 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar. Yığma ilk olimpiadanı 204 ölkə arasında 11-ci, ikincisini isə 203 ölkə arasında 10-cu yerdə başa vurub.