​Cəmşid Xeyrəbadi: "Azərbaycan güləşi olimpiadada ən yaxşı nəticəni qazanacaq"

​Cəmşid Xeyrəbadi: "Azərbaycan güləşi olimpiadada ən yaxşı nəticəni qazanacaq" "Əsas hədəfimiz olimpiadadır"
Fərdi
7 Aprel , 2016 12:29
​Cəmşid Xeyrəbadi: Azərbaycan güləşi olimpiadada ən yaxşı nəticəni qazanacaq

Bakı. 16 aprel. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Azərbaycan yığması 15 - 17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinə hazırlıq məqsədilə Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışlarını davam etdirir. "Report"un məlumatına görə, milli komandanın baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə açıqlamasında "Rio-2016"da yüksək nəticə qazanacaqlarına inandığını bildirib.

O, hazırlıqdan və əldə olunan nəticələrdən danışıb: "Las Veqasdakı dünya çempionatından qayıdandan sonra əvvəlki proqram üzrə davam etdik. 14 məşq proqramı hazırlamışıq və bu istiqamətdə də məşqlər gedir. İki lisenziya turnirində iki fərqli heyət iştirak edəcək. İnanıram ki, ilk lisenziya yarışından bunları əldə edərik. Bundan sonra möhkəm komanda olaraq həmin tədbirdə iştirak edərik. Alınmasa, ikinci və üçüncü komandalarımız da hazırdır. Lisenziya əldə etdikdən sonra olimpiadada uğurla çıxış edərik. İlk dəfə olaraq Dünya Kubokunda kürsüyə çıxdıq, 3-cü yeri tutduq. Tehranda Rusiya və İran komandasını udub birinci yeri qazandıq. Ardınca 4 lisenziya aldıq və daha bir tarix yazdıq. "Bakı 2015" I Avropa Oyunlarında 6 medal qazandıq, Las Veqasda dünya ikincisi olduq. İnanıram ki, güləşçilərin, məşçilərin, federasiyanın zəhməti boşa çıxmayacaq və olimpiadada da tarix yazacağıq. Nəticədə Azərbaycan xalqını sevindirəcəyik".

Daha sonra C.Xeyrəbadi jurnalistlərin suallarını cavablandırıb:

- 66 kq və 98 kq çəkidə hansı güləşçi mübarizə aparacaq?

- Hər ehtimala nəzər yetirmişəm. Bu səbəbdən, birincidə Kamran Məmmədov və Şalva Qadabadze çıxacaq. İkincidə Həsən Əliyev və Orxan Nuriyev, üçüncüdə isə Rəsul Çunayev və Şalva Qadabadze olacaq. İnanıram ki, birinci turnirdəcə lisenziyanı qazanıb işimizi rahat şəkildə davam etdirəcəyik.

- Komandanın son Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?

- Bizim üçün ən önəmlisi olimpiadadır. Komanda üçüncü yerə çıxmalı idi, amma xal ehtiyatı yaxşı olduğu üçün ikinci yer qazandıq. Biz Avropa çempionatında yaxşı nəticə verməyi nəzərdə tutmamışdıq. Çünki 5 əsas çəkidə mübarizə aparan güləşçimiz orada iştirak etmədi. Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Şalba Qadabadze, Saman Təhmasibi yox idi. Əsas hədəfimiz olimpiadadır. 2012-ci ildə biz İran yığmasında ikən qitə çempionatını 4-cü pillədə başa vurmuşduq. Ondan sonra olimpiya çempionu verdik və inanıram ki, bu hadisə Rio-2016-da da təkrarlanacaq.

- İslam Abbasov son iki yarışda bir qədər zəif çıxış edib. Problem nədədir?

- Gənclərlə böyüklərin fərqi çoxdur. Onların hər birinin arasında dünya qədər fərq var. Gənclərdən böyüklərə gələnlərin 7 faizi yaxşı nəticə verir. Abbasov Azərbaycanın seçilən güləşçilərindən biri olacaq. O, gələcək olimpiadada hansı məşqçi ilə olursa-olsun, yaxşı nəticə verəcək.

- Saman Təhmasibi stabil çıxış etmir. Bu, Sizi narahat edir?

- Buraya gələndən Təhmasibini 3 dəfə dünya çempionatına aparmışam. İkisində finala çıxıb, birində gümüş götürüb. Peşəkar işdə ildə bir dəfə önəmli yarışda nəticə olmalıdır. Hədəf odur ki, olimpiadada yüksək nəticə qazanılmalıdır. Müxtəlif proqram və səbəblərə görə onu saxlamışıq. Ancaq olimpiadada yüksək nəticə qazanacaq. Bir müddət xəstəlik keçirmişdi, indi artıq sıralarımıza qayıdıb. İnanıram ki, Azərbaycan güləşi olimpiadada ən yaxşı nəticəni qazanacaq.

Son xəbərlər

Orphus sistemi