Bu il Formula 1 üzrə Azərbaycan Qran Prisində sürət rekordu yenilənməyəcək

Bu il Formula 1 üzrə Azərbaycan Qran Prisində sürət rekordu yenilənməyəcək Çarli Vaytinq: "Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla, qırılacaq"
Fərdi
6 İyun , 2017 17:50
Bu il Formula 1 üzrə Azərbaycan Qran Prisində sürət rekordu yenilənməyəcək

Bakı. 6 iyun. REPORT.AZ/ Bu il Formula 1 üzrə Azərbaycan Qran Prisində yüksək sürət rekordunun yenilənəcəyi gözlənilmir.

"Report"un məlumatına görə, bunu Formula 1-in yarış direktoru, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çarli Vaytinq Azərbaycan Qran Prisinə son hazırlıqlarla bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, fikirlərini Formula 1 bolidləri və təkərlərinin bir qədər enlənməsi ilə əsaslandırıb. Əvəzində Ç.Vaytinq bildirib ki, halqa rekordunun qırılma ehtimalı yüksəkdir: "“Ötən il maksimal sürət 378 km/saat olmuşdu. Bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla, qırılacaq. Ötən il Bakıda keçirilən Formula 1 yarışında dövrə rekordu, yəni 6 km-lik dövrənin qət edilməsi 1 dəq 46 saniyə olmuşdu".

FİA nümayəndəsi Bakı Şəhər Halqasının yarışa tam hazır olduğunu da dilə gətirib: "Bakı trası tam hazır vəziyyətdədir. Hər şey çox gözəl təşkil olunub. Bu il şəhər halqası ötən ilə nisbətən daha hazırlıqlıdır. Ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı. Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq".

Qonaq trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, şəhərdə tras boyu əlavə hasarların quraşdırılmasının tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğunu bildirib: “Bütün trası nəzərdən keçirdim. Bakı Şəhər Halqasında heç bir təhlükə yoxdur. Yarışlarda bəzi texniki dəyişikliklər var. Mən və pilotlar bu dəyişikliklərdən məmnunuq”.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi