Yuxarı

Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib

Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib

Avqustun 22-də Yaponiyanın paytaxtı Tokioda Beynəlxalq Cüdo Federasiyasının (IJF) konqresi keçirilib. 

"Report" xəbər verir ki, qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər. Azərbaycanı konqresdə Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı ilə təmsil olunub. İlk olaraq IJF-nin prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib. 

Əsasən cüdonun dünyada geniş təbliği məqsədi ilə CNN, "Reuters", "Eurosport" kimi nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışları ilə zəngin təqvimdən, 2020-ci il Yay Olimpiya Oyunlarından, marketinq, informasiya texnologiyaları, beynəlxalq humanitar təşkilatlar ilə iş birliyindən, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə ianələr şəklində ayrılan dəstək, təhsil məsələləri və gələcək hədəflərdən bəhs edilən hesabatdan sonra təşkilatın baş katibi Jan Luk Rojenin və baş xəzinədar Nasir Əl-Tamiminin hesabatları dinlənilib. 

Daha sonra məktəblərdə cüdo, sülh üçün cüdo, IJF Akademiya layihələrinin rəhbərləri fəaliyyətləri ilə bağlı hesabat veriblər. Konqresin gedişində həmçinin BCF Nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. 

Daha sonra baş katib və baş xəzinədar heçbir digər namizədlik olmadan yekdilliklə növbəti 4 il müddətinə öz vəzifələrinə təsdiq olunub. Müxtəlif sahələr üzrə məsul vəzifəli şəxslər - baş idman direktoru, baş hakimlər direktoru, təhsil və məşqçilik direktoru, gender bərabərliyi, kata, tibb, hərb və polis, veteran komissiyalarının rəhbərləri tribunadan hesabatlarını səsləndirdikdən sonra söz beş qitə rəhbərlərinə verilib. 

Sonda IJF-nin prezidenti Marius Vizer natiqlərə gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi