Yuxarı

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı davam edir

Yaxın zamanlarda Azərbaycan Skaut Assosiasiyasının yeni prezidentinin seçilməsi gözlənilir

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı davam edir.

"Report" xəbər verir ki, tədbirin dördüncü günü 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni seçilən üzvlərin adları açıqlanıb. 

Komitənin yeni seçilən 12 üzvü arasında Azərbaycan Skautlar Assosiasiyasının başçısı İlyas İsmayıllının da adı var. Beləliklə, Dünya Skaut Təşkilatının tarixində ilk dəfə olaraq bir azərbaycanlı komitənin idarəçi orqanlarının birinin üzvü olub.

İ.İsmayıllının sözlərinə görə, bütün dünyada 40 milyon insanın üzv olduğu ən böyük ictimai təşkilatın komitə üzvü olmaq böyük məsuliyyətdir.

Skaut Komitəsinin qəbul etdiyi qərarların bütün təşkilatın inkişaf istiqamətlərini müəyyən etdiyini deyən İ.İsmayıllının sözlərinə görə, skaut hərəkatının cəmi 20 ildir mövcud olduğu Azərbaycan üçün, bu, böyük uğurudur: “Mənim üçün Ümumdünya Skaut Komitəsində işləmək skautinqin inkişafına yardımçı olmaq üçün bir imkandır. Fikrimcə, Ümumdünya Skaut Təşkilatının coğrafiyasını genişləndirmək, təşkilata daxil olacaq ölkələrin sayını artırmaq lazımdır, xüsusilə görüləsi çox işin olduğu Orta Asiyanı əhatə etmək vacibdir. Bundan əlavə, Ümumdünya Skaut Təşkilatını restrukturizasiya etmək lazımdır və bunun üçün komitənin hər bir üzvü müəyyən bir istiqamətdə çalışmalıdır”.

Qeyd edək ki, komitənin yeni üzvlərinin seçkiləri hər 3 ildən bir keçirilir. Komitəyə seçilən yeni üzvlər milli assosiasiyalardakı vəzifələrini tərk etməli olur. Bu səbəbdən yaxın zamanlarda Azərbaycan Skaut Assosiasiyasının yeni prezidentinin seçilməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi