Yuxarı

İsmayıl İsmayılov: "Azərbaycanda gimnastika yarışlarının keçirilməsi ənənəyə çevrilib"

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə ilk olaraq iştirakçı 39 ölkənin bayrağı nümayiş olunub.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yüksək səviyyəli təşkilatçı kimi tanınan Azərbaycanın bu gün start götürən daha bir idman yarışına ev sahibliyi etdiyini vurğulayıb. 

O bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva elm, təhsil, səhiyyə sahələrində fəal olan bir şəxs kimi idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi olaraq tanınır: "Mehriban Əliyeva 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən bu sahədə uğurlu inkişafın əsası qoyuldu. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişildi".

İsmayılov, ümumiyyətlə, son 16 ildə Bakının bir çox beynəlxalq gimnastika yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb: "Azərbaycanda gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili, əlbəttə, ölkədə gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən-ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil olunan dünya kubokunda da arenaya toplaşacaq tamaşaçılar tanınmış bədii gimnastların təqdimatında zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar. Sözsüz ki, bu yarışda 39 ölkənin 200-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya kubokunun gərgin mübarizə şəraitində kecəcəyinə, maraqlı və pozitiv olacağına əminlik yaradır. Fürsətdə istifadə edib, ölkə idmanına göstərdikləri davamlı diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımı ifadə edir, belə gözəl idman tədbirinin ölkəmizdə təşkilinə etimad göstərdiklərinə görə beynəlxalq idman qurumuna təşəkkürümü bildirir, idmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm".

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilib.   

Qeyd edək ki, ilk gündə fərdi və qrup hərəkətləri proqramı üzrə təsnifat yarışları keçiriləcək. Dünya Kubokuna aprelin 28-də yekun vurulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi