Mayın 24-də Bakıda aerobika üzrə Avropa çempionatı start götürəcək.
“Report” xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq yarış 3 günü əhatə edəcək. Milli Gimnastika Arenasında böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaqlar.
Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.
Azərbaycan yarışda 17 gimnastla təmsil olunacaq. Onlardan Ayxan Əhmədli, Vladimir Dolmatov, Emil Quliyev, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli və Mədinə Mustafayeva böyüklərin yarışında iştirak edəcəklər.
Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatma Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova gənclər arasında mübarizə aparacaqlar.
Yarış ərəfəsində hazırlıq barədə məlumat verən baş məşqçi Marian Georgiyev-Kolev "Report"a bildirib ki, ölkəni layiqincə təmsil etməyə çalışacaqlar: “Avropa çempionatına yanvar ayından hazırlaşırıq. Məsuliyyətimizi çox yaxşı dərk edirik. Bütün idmançılar səylə məşq edirlər. Yarışın bizim üçün uğurlu olacağına ümid bəsləyirik. Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Heyətdə yer alan bütün gimnastlar yerli idmançılardır. Bir nəfər legioner var. Bu, Vladimir Dolmatovdur. O, da bura 4 il əvvəl gəlib. Digərləri azərbaycanlı uşaqlardır”.
Boqlarıstanlı mütəxəssis Azərbaycan idmançılarının çıxış edəcəkləri növlər barədə də danışıb: “Gənc qızlarımız aerodensdə bacarıqlarını nümayiş etdirəcəklər. Böyüklərin fərdi yarışında 2 kişi və 2 qadın idmançımız çıxış edəcək. Həmçinin bir qarışıq cütlük, eyni sayda “üçlük” olacaq. Üstəlik, bir qrup və bir aerodens komandamız yarışacaq. Öncədən nəsə deməyim düz olmaz. Medal şansımız var və bunun üçün çalışacağıq. Azərbaycana 3,5 il əvvəl gəlmişəm. Ölkədə gimnastika sürətlə inkişaf edir. Çox yaxşı idmançılarımız var. Özü də təkcə yığma üzvlərini nəzərdə tutmuram. Çox istedadlı uşaqlara malikik. Onlar Azərbaycan aerobikasının gələcəyidirlər”.
Baş məşqçi təşkilatçılığın yüksək səviyyədə olacağına əminliyini ifadə edib. O, deyib ki, Milli Gimnastika Arenasında keçirilən yarışlar ideal şəkildə olur.
Yığma üzvü Elçin Məmmədov da yarışa çox yaxşı kökləndiklərini bildirib: “Yanvar ayından Avropa çempionatına hazırlaşırıq. Məşqlərimiz çox yüksək səviyyədə keçir. Artıq sabah yarışlara start verilir. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Rəqiblər arasında fərq qoymaq istəmirəm. Çünki bütün ölkələr ən güclü gimnastlarını gətiriblər. İlk məqsədimiz finala vəsiqə qazanmaq, sonra isə mükafatçılar sırasına düşməkdir. Hər bir səhv bizə baha başa gələ bilər. Ona görə də çox diqqətli olmalıyıq. Özüm 4 ildir aerobika növündəyəm. Bunadək akrobatika ilə məşğul olmuşam. Bu növdə uğur qazanmağı hədəfləmişəm”.
Artıq bütün komandaların toplaşdığı Milli Gimnastika Arenasında iki gündür rəsmi məşq toplanışları keçirilir. Mayın 24-də start götürücək çempionatda isə ilk olaraq, meydana gənc gimnastlar çıxacaq. Sonrakı gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü isə final mərhələlərində Avropa çempionlarının adları müəyyənləşəcək.
Avropa çempionatında gimnastika həvəskarlarını çox maraqlı və qeyri adi bir açılış mərasimi gözləyir. Tamaşaçılar “Gimnastika Planeti” adlı ecazkar şou izləyəcəklər.
Qeyd edək ki, yarışda 22 ölkənin 400-dək idmançısının çıxış edəcəyi gözlənilir.