Azərbaycanlı pəhləvanlar Gürcüstanda yeni dünya rekordları qırıblar - FOTOREPORTAJ

Azərbaycanlı pəhləvanlar Gürcüstanda yeni dünya rekordları qırıblar - FOTOREPORTAJ Tədbirin sonunda pəhləvanlara yeni sertifikatlar və medallar təqdim olunub
Fərdi
16 Yanvar , 2017 16:12
Azərbaycanlı pəhləvanlar Gürcüstanda yeni dünya rekordları qırıblar - FOTOREPORTAJ

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda “Dünya rekordçuları festivalı” keçirilib. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycandan gəlmiş pəhləvanlar Vüsal Cavadov, Laçın və Hüseyn Abdulhüseynov qardaşları, eləcə də Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Etibar Elçiyev-Budaqlı məşhur “Cəngi” havasının sədaları altında güclərini sınayıb, yeni rekordlara imza atıblar.

Əvvəlcə pəhləvan güləşi növü üzrə üçqat dünya və üçqat Avropa çempionu Vüsal Cavadov əlləri üstə yeriməklə dişləri ilə 1750 kiloqram çəkisi olan “Ford” markalı minik avtomobilini 3,5 metr dartaraq yeni dünya rekordunu imza atıb. O, sonra ayaqlarından asılmaqla 40 kiloqram yükü dişləri, daha 40 kiloqram yükü isə isə eyni vaxtda əlləri ilə qaldırıb.

Sonra Laçın və Hüseyn qardaşları öz güclərini sınayıblar.

Laçın Abdulhüseynov göz almacıqlarının boşluğunda 34 kiloqram 150 qram ağırlığında olan yükü qaldırmaq və onları 8 saniyə saxlamaqla 5 mismarı başı ilə taxtaya vurmaqla iki yeni rekord qazanıb. Hüseyn Abdulhüseynov isə avtomobili boğaz nahiyəsindəki döş qəfəsinin sümüyü ilə dartmaqla və 41,3 kiloqram çəki daşlarını döş sümüyü ilə qaldırmaqla yeni rekorda imza atıb.

Pəhləvanlar ayaqlarının və qollarının üstündən ağır avtomobilləri keçirtməklə də yeni göstəricilərə nail olublar.

E.Elçiyev-Budaqlı isə sinəsindəki 18 kiloqram ağırlığındakı dəmir lövhənin üstündə 60 kiloqram ağırlığında adamı oturtmaqla çəkisi 1750 kiloqram olan “Ford” avtomobilini 8 metrdən uzaq məsafəyə dartmaqla yeni rekordunu qazanıb. Sonra pəhləvanın sinəsi üzərində 17 kərpic çəkiclə sındırılıb və bununla da daha bir rekorda nail olub.

Qafqaz Dünya Rekordları Federasiyasının baş katibi Şota Keldişvili jurnalistlərə bildirib ki, festivalı təşkil etməklə Azərbaycan pəhləvanlarının və Gürcüstanda yaşayan azərbaycanlı “Maqnit adam”ın yeni rekordlarını dünyaya çatdırmaq, idmanı təbliğ etmək, eyni zamanda gənclərin idmana marağını artırmaqdır: "Azərbaycanlı pəhləvanların yeni rekordları ilə bağlı videomaterial və digər sənədlər Ginnes dünya rekordları təşkilatına göndəriləcək".

Vüsal Cavadov isə bildirib ki, yeni rekordlara imza atmaqla Azərbaycanın idman şərəfini daha da yüksəltməkdir.

Tədbirin sonunda pəhləvanlara yeni sertifikatlar və medallar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi