Azərbaycanın idman heyətinin Uhan təəssüratları - VİDEO

Azərbaycanın idman heyətinin Uhan təəssüratları - VİDEO Koronavirus xəstəliyi ilə əlaqədar yeni iddia ortaya çıxıb.
Fərdi
8 May , 2020 16:20
Azərbaycanın idman heyətinin Uhan təəssüratları - VİDEO

Koronavirus xəstəliyi ilə əlaqədar yeni iddia ortaya çıxıb.

"Report"un məlumatına görə, "Le Figaro" nəşri 2019-cu il 18 - 28 oktyabrda Çinin Uhan şəhərində keçirilmiş Hərbçilərin VII Dünya Oyunlarında bir neçə iştirakçının COVID-19-a yoluxduğunu yazıb.

Bu xəstəlik ilk dəfə ötən ilin dekabrında məhz Uhanda üzə çıxıb. Fransa nümayəndə heyətinin bir neçə üzvü isə Oyunlardan qayıtdıqdan sonra oxşar simptomlarla xəstəlik keçirdiyini bildirib. Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış beşnövçü Elodi Kluvel deyib ki, hərbçilərin yarışında fransalı nümayəndələrdən bir çoxu eyni vaxtda xəstələnib: "Bu yaxınlarda komandamızın həkimi ilə danışdım. O, çox güman ki, koronavirusa yoluxduğumuzu söylədi".

Belə açıqlamalara cavab olaraq, Çində ehtimallar yaranıb ki, virusu Uhana digər ölkələrin idmançıları gətirə bilər.

Fransa Müdafiə Nazirliyi isə həmin vaxt koronavirus barədə heç nəyin məlum olmadığını və 20 nəfərdən ibarət komanda həkimlərinin COVID-19-u xatırladan simptomları qeydə almadıqlarını bildirib. Lakin "Le Figaro" nümayəndə heyətinin sərəncamında lazımi səviyyəli həkimlərin və virusu üzə çıxarmaq üçün vasitələrin olmadığını vurğulayıb.

Salman Əlizadə: "Bəzi yeməkləri iyrənc bir şeyə oxşayırdı"

Hərbçilərin VII Dünya Oyunlarında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edib. Nümayəndə heyətində məşqçi və hakimlər də yer alıb. Yunan-Roma güləşçilərindən Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) gümüş, Mikayıl Rəhmanov (67 kq), cüdoçular Hidayət Heydərov (81 kq) və Məmmədəli Mehdiyev (90 kq), həmçinin boksçu Salman Əlizadə (49 kq) bürünc medal əldə edib.

"Oyunlar yaxşı təşkil olunmuşdu. Hər şey yüksək səviyyədə idi, idmançılar üçün hər cür şərait var idi".

Bu fikirləri "Report"a açıqlamasında medalçılardan biri - Salman Əlizadə deyib. 27 yaşlı boksçu yarışla bağlı hər hansı narahatlığının olmadığını bildirib. Əlizadə Uhan şəhərinin çox gözəl olduğunu vurğulayıb: "Daha öncə Çinin paytaxtı Pekində olmuşdum, Uhan da çox gözəldir".

Bununla belə, təcrübəli idmançı bəzi yeməklərin iyrənc olduğunu etiraf edib: "İdmançı olduğumuz üçün hər bir qitənin yeməkləri verilirdi. Halal yeməklər də var idi, ona görə də problem yaşamadıq. Amma çinlilərin qeyri-adi yeməklərini də gördüm. Biz halal yeməklərdən istifadə edirdik. Elə yeməklər var idi ki, heç adını və nə ətindən olduğunu bilmirəm. Qeyri-adi idi, iyrənc bir şeyə oxşayırdı. Orada eşitdik ki, heyvan bazarları da var. Yaxşı ki, o bazarlara getmədik".

Əlizadə Uhandan qayıdandan sonra özündə hansı xəstəlik hiss etmədiyini sözlərinə əlavə edib: "O vaxtdan sonra heç xəstəliyim də olmayıb. Oranı murdar şəhər adlandırırlar, lakin heç bir murdarlıq yoxdur, çox gözəl və təmiz şəhərdir. Bir çox küçələrində olduq, gəzdik. Şəhərin özü çox təmizdir".

Boksçu Uhandan qayıtdıqdan sonra yoxlanışdan keçmədiyini də əlavə edib: "Heç bir xəstəliyim yox idi, ona görə də yoxlanışa ehtiyac görmədik".

Nazim Əlicanov: "Yoxlanmağa ehtiyac duymadıq"

Oyunlarda iştirak etmiş sərbəst güləş üzrə məşqçi Nazim Əlicanov da "Report"a açıqlamasında yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Artıq neçənci dəfədir ki, Hərbçilərin Oyunlarında iştirak edirik. Ən yüksək təşkilatçılıq Uhan şəhərində oldu. Bu yarışda hansısa nöqsan tapmaq mümkün deyil".

Əlicanov yerli əhalinin də istiqanlı olduğunu sözlərinə əlavə edib: "Çin bu yarışa çox yaxşı hazırlaşmışdı. İnanmıram ki, ikinci bir dövlət belə tədbir keçirə bilər. Koronavirusun o şəhərdən gəldiyini deyirlər. Biz olduğumuz müddətdə orada heç nə yox idi. Şəhərdə bayram ab-havası var idi. Orada yeməklə bağlı da problemimiz olmadı. Müsəlmanlar üçün ayrıca yemək yerləri düzəltmişdilər. Zalı ortadan bölmüşdülər: müsəlmanlar ayrı, xristianlar və digərləri ayrı qidalanırdılar. Kim harda istəyirdisə, orada da yeyə bilərdi".

Məşqçi yarışdan qayıdandan sonra heç kimin xəstələnmədiyini vurğulayıb: "Biz oktayabrda orada idik, bu virus isə dekabrda yayılmağa başlayıb. Qayıdandan iki ay sonra xəstəlik çıxdı, heç yoxlanmağa ehtiyac duymadıq. Fevralda İtaliyaya yarışa getdik. Sonra isə İtaliyada virus yayılmağa başladı. Bizdən heç kim xəstələnməyib və problem yoxdur".

Anar Babanlı: "Uhana yenidən getməyə hazırlaşırdım, yaxşı ki, getmədim"

Uhandakı Oyunlara boks hakimi kimi qatılmış Anar Babanlı da "Report"a yüksək təşkilatçılıqdan bəhs edib: "Belə təşkilatçılıq gözləmirdik. Açılış və bağlanış mərasimləri də möhtəşəm idi. İdmançılar, məşqçilər və hakimlər üçün yaxşı şərait var idi. Bəlkə də, olimpiadaya bərabər səviyyədə keçdi".

Babanlı Uhanın çox gözəl şəhər olduğunu söyləyib: "Adamın inanmığı gəlmir ki, koronavirus məhz bu şəhərdən çıxıb. Çox inkişaf etmiş şəhərdir, istənilən yerdə robotlara rast gəlmək olar. Şəhərdə mərkəz anlamı yoxdur. Hər yer mərkəzdir".

Referi yarışlar vaxtı yemək barədə problemlə üzləşmədiyini sözlərinə əlavə edib: "Biz 5 ulduzlu hoteldə qalırdıq. Bəlkə də, orada problem yox idi. Uhanda heyvan bazarının olduğunu da deyirlər. Amma mən bilmirəm ki, o bazar harada idi. Varsa da, görməmişəm, inanmağım da gəlmir ki, belə gözəl şəhərdə elə şey olsun. İdmançıların da yemək şəraiti ilə tanış olduq. Əla təşkilatçılıq var idi. Alış-veriş üçün "Mall"larda oldum, şəhərdə gəzdim, restoranda yemək yedim, amma bazara getmədim. Restoranda da normal yeməklər verilirdi, heç bir yerdə yarasa, siçan görmədim (gülür - red.).

Ədalət təmsilçisi Çinin, həqiqətən də, dünyanın inkişaf etmiş ölkələrindən olduğunu vurğulayıb: "Bunu gözlərimlə gördüm, şahidi oldum. Getməmişdən əvvəl düşüncələrim fərqli idi. Oradan qayıdanda da heç bir problemimiz, xəstəliyimiz olmadı. Daha sonra koronavirus söhbətini eşitdik, amma yoxlanışa da ehtiyac olmadı. Çünki xəstəliyimiz yoxdur. Həm də orada oktyabrda olmuşduq deyə, üstünə düşmədik. Bu ilin fevralında yenidən ora getməli idim. Asiya və Okeaniya zonası üzrə Olimpiya Təsnifat Turniri 3 - 14 fevralda Uhanda keçirilməli idi. Lakin elə koronavirusa görə İordaniyaya keçirdilər. Getmək üçün hazırlaşırdıq. Nə yaxşı ki, getmədim, yoxsa qayıda bilməzdim".

Qeyd edək ki, Hubey vilayətinin inzibati mərkəzi olan Uhan şəhərindəki 35 idman kompleksində keçirilmiş VII Dünya Oyunlarına 100-dən çox ölkənin 10 minədək hərbçisi qatılıb. Onlar 27 növ üzrə 329 yarışda mübarizə aparıblar. Bu, indiyədək hərbçilər arasında keçirilmiş ən böyük Dünya Oyunları olub. Proqrama stolüstü tennis ilk dəfə olaraq daxil edilibsə, gimnastika və tennis yarışları nümunəvi xarakter daşıyıb.

Son xəbərlər

Orphus sistemi