"Mövcud vəziyyətdə təkcə idman deyil, digər kütləvi tədbirlərin keçirilməsi qadağandır".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev ölkədə kütləvi idman tədbirlərinin, o cümlədən futbol matçlarının bərpa olunmamasına münasibət bildirərkən deyib.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda vəziyyət təhlükəli olduğu üçün idman tədbirlərinə icazə verilmir. O bildirib ki, bu cür məsələlərdə Azərbaycanı digər ölkələrlə müqayisə etmək düzgün deyil: "Hər ölkənin özünəməxsus xüsusiyyəti və mübarizə tədbirləri var. Hələlik bizdə və dünyanın bir çox ölkəsində belə şeylərə icazə verilmir. Görürsünüz ki, son vaxtlar Azərbaycanda yoluxma sayında artım var. Bu da ölkə xaricindən gələn insanlarla bağlıdır".
C.İsayev "Ölkədə idman yarışları başladıqdan sonra hansı qaydalara əməl olunmalıdır" sualına bu cür cavab verib: "Nə vaxt yoluxma sayı və digər göstəricilər bizə imkan verəcək, o zaman da kollegial qərar qəbul olunacaq ki, kütləvi idman tədbirlərinə icazə verilsin və ya verilməsin. Məşqlər, idman yarışları bərpa olunduqdan sonra Operativ Qərargahın bütün tövsiyələrinə əməl etmək lazımdır".
Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb.