Bakı. 23 iyul. REPORT.AZ/ İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırna üzrə Avropa çempionatında ilk yarış gününə yekun vurulub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından "Report"a verilən məlumata görə, ilk gündə Azərbaycan millisinin dörd üzvü körpücük üzərinə çıxıb. Yaşı 15-ə qədər olan qızlardan Günel Muxtarlı 44 kq çəki dərəcəsində toplam 97 kq (42+55) nəticə ilə 6-cı, Selcan Qarayeva isə 48 kq çəki dərəcəsində toplam 116 kq (50+66) nəticə ilə 7-ci yeri tutub.
Elvin Şükürzadə yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atlet birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalçısı adını qazanıb. Təkanla qaldırma hərəkətində Elvin 95 kq çəkinin öhdəsindən gələ bilib. Bununla o, bu hərəkətdə 6-cı olub. Toplam 173 kq (78+95) nəticə ilə Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutub.
Son olaraq yaşı 17-yə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində Ömər Cavadov körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. Bununla o, bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb. Cavadov təkanla qaldırma hərəkətində də də medal götürüb. O, 102 kq-ı ram edərək Avropa ikincisi olub.
Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.
Qeyd edək ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Avropa birinciliyinə iyulun 29-u yekun vurulacaq.