Azərbaycan yığmasının baş məşqçisi: "Bəzi ölkələr cüdoçularımıza paxıllıq edirlər"

Azərbaycan yığmasının baş məşqçisi: "Bəzi ölkələr cüdoçularımıza paxıllıq edirlər" Gənclər və İdman Nazirliyində dünya çempionatından yüksək nəticələrlə qayıdan cüdoçularla görüş keçirilib
Fərdi
25 Oktyabr , 2017 16:28
Azərbaycan yığmasının baş məşqçisi: Bəzi ölkələr cüdoçularımıza paxıllıq edirlər
Report/ Firi Salim

Bakı. 25 oktyabr. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan milli komandasının üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri (ACF), milli komandanın məşqçilər korpusu və idmançılar iştirak ediblər.

Yığmanın dünya çempionatındakı çıxışını uğurlu adlandıran F.Mansurov bildirib ki, ACF təkcə gənclərin deyil, ilboyu təmsil olunduğu bütün yarışlarda inamlı nəticələrlə yadda qalıb: “Gənclərin Avropa birinciliyində komandamız birinci yeri tutmuşdu. Bu da tarixi hadisədir və idmana dəstək olanların uğurudur. Gələn il dünya çempionatı Bakıda təşkil olunacaq və inanıram ki, həm medallarımızla, həm də təşkilatçılığımızla yenə fərqlənəcəyik".

ACF-in baş katibi Elmar Babanlı yığmanın ümidləri doğrultduğunu söyləyib. O, ölkədə cüdonun coğrafiyasının genişlənməsindən və rayonlarda baş tutan birinciliklərdən söz açıb: “Bu, həm əyar, həm də say baxımından bir ilk idi. Oğlanların yarışında birinci olduq. Tarixi hadisədir".

E. Babanlının sözlərinə görə, gələn il Bakıda keçiriləcək dünya çempionatı öncəsi yığma komandalara bir daha nəzər yetiriləcək. Bu məqsədlə dekabrın 21-22-də Azərbaycan çempionatı keçiriləcək: “Hidayət Heydərov və Natiq Qurbanlı istisna olmaqla, digərləri hələ gənclər arasında mübarizəni davam etdirəcəklər. Amma Azərbaycan çempionatından sonra lazımi qərarlar veriləcək. Sınaqdan çıxmış idmançılar Avropa və dünya çempionatında iştirak edəcəklər”.

Baş katib 73 kq çəki dərəcəsindəki Heydərovun olimpiya mükafatçısı Rüstəm Orucova ciddi rəqib olduğunu da deyib: “Bu da rəqabəti artırır. Zelim Kotsoyev də 100 kq-da Elxan Məmmədova, Elmar Qasımova potensial rəqibdir".

ACF rəsmisi milli komandaların təlim-məşq toplanışı ilə bağlı layihəni gələn ayın əvvəllərinədək tamamlayacaqlarını əlavə edib.

Baş məşqçisi Elçin İsmayılov

Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov dünya birinciliyinə Avropa çempionu kimi getdiklərini deyib. O bildirib ki, yarışdakı ən güclü idmançılar püşkə əsasən, məhz azərbaycanlı cüdoçulara rəqib olub: “Bu, Azərbaycan cüdosu üçün uğurlu nəticədir və bir daha göstərir ki, cüdomuz düzgün yoldadır. Federasiya lazımi dəstəyi göstərir və biz də bunu doğrultmağa davam edirik. Azərbaycan cüdoçularının püşkün nəticəsinə əsasən, çətin rəqiblərlə düşməsinin qərəz olduğuna inanmıram. Amma bəzi dövlətlər var ki, bizə paxıllıq edirlər. Məsələn, 2 cüdoçumuz ilk döyüşdə yaponla düşdü və qalib gəldi. Halbuki, onlar qalib gəlsəydilər, çempion ola bilərdilər”.

Dünya birinciliyinin qalibi Hidayət Heydərov çempionluğa gedən yolundan danışıb. O bildirib ki, bu, yığmanın uğurudur: “İlk görüşüm yaponla idi. Güclü rəqiblə mübarizədə tilsimi qırdım və ardınca qələbələri davam etdirdim”.

Yarışı gümüş medalla bitirən Natiq Qurbanlı və Kəramət Hüseynov da çıxışlarını dəyərləndiriblər. Onlar bildiriblər ki, son anda qızıl medal şanslarını əldən veriblər.

Hüseynov dayısı, olimpiya çempionu Elnur Məmmədlinin məsləhətlərindən də yararlandığını deyib: “Məsələn, koreyalı idmançı ilə düşəndə də zəng edib öz fikirlərini bildirdi və dəstək oldu. Dedi ki, qalib gələcəksən. Məni ruhlandırdı".

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub. Yarışda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq) ilə Kəramət Hüseynov (60 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıb. Bununla da, Azərbaycan millisi kişilərin fərdi yarışlarında birinci yeri tutub. Ümumi komanda hesabında isə yığma yalnız Yaponiyadan geri qalaraq 2-ci olub.

Son xəbərlər

Orphus sistemi