Bakı. 16 oktyabr. REPORT.AZ/ 2019-cu il "Formula-1" üzrə Azərbaycan Qran Prisi üçün biletlər ilkin endirimlə satışa çıxarılıb.
"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib.
Onun sözlərinə görə, biletlər 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Bundan əlavə, sırf yerli sakinlərə 25 faiz endirim tətbiq edilib.
İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manatdır. Azyaşlılar üçün bu rəqəm 130 - 470 manat təşkil edir.
Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 80 - 160 manatdır.
Qeyd edək ki, 2019-cu il Azərbaycan Qran Prisi 26 - 28 apreldə təşkil olunacaq.