Yuxarı

Azərbaycanın qadınlardan ibarət milli komandasına yeni cüdoçu cəlb olunub

Bakı. 1 mart. REPORT.AZ/ Rumıniyalı qadın cüdoçu Aleksandra Larisa Florian Azərbaycan milli komandasına transfer olub.

"Report"un məlumatına görə, bu barədə 24 yaşlı idmançının özü "judoinside.com"a açıqlama verib. O, Azərbaycan Cüdo Federasiyasından (ACF) aldığı təklifi sevinclə qarşıladığını bildirib: "Əvvəllər BƏƏ ilə də danışıq aparırdım, amma bu, alınmadı. ACF isə Rumıniya Cüdo Federasiyası ilə də razılığa gəldikdən sonra keçidim gerçəkləşdi".

Almaniyanın "Visbaden" klubuna məxsus Florian müxtəlif ölkələrdə təlim-məşq toplanışlarına qatılacağını və çoxsaylı yarışları üzündən Bakıda uzun müddət qala bilməyəcəyini sözlərinə əlavə edib.

Sayt yazır ki, 52 kq çəki dərəcəsində yer alan Florianın keçidi əslində çoxdan razılaşdırılıbmış. Hətta o, transferinin pozulmaması üçün ötənilki Avropa çempionatında iştirak etməyib. Böyük istedada malik xanım cüdoçu 2017-ci ildə Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. Əvvəllər Florian yeniyetmələr və 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub, İJF Dünya Turu Seriyalı yarışlarda 10-dan çox medal qazanıb. Onun transferində məqsəd həm qadınlar arasında fərdi, həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramında yer alan qarışıq komanda yarışında uğurla çıxış etməkdən ibarətdir. Hazırda qadınlardan ibarət yığmada ukraynalı İrina Kindzerska (+78 kq) və 3 monqolustanlı legioner də yer alıb.

ACF-nin baş katibi Elmar Babanlı "Report"a açıqlamasında Aleksandra Florianı transfer etdiklərini təsdiqləyib. Onun sözlərinə görə, yeni cüdoçunun Azərbaycan millisində debütü həftəsonu Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Kubokuna təsadüf edəcək. Florianın indiyədək yığdığı reytinq xallarının sıfırlanacağını deyən federasiya rəsmisi onun Azərbaycan millisinin heyətində lazımi reytinq xallarını toplayaraq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacağına əminlik ifadə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi