Yuxarı

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə valideynlərin də iştirakı ilə Estafet Yarışları keçirib

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə valideynlərin də iştirakı ilə Estafet Yarışları keçirib

Milli Gimnastika Arenasında ilk dəfə AGF (Azərbaycan Gimnastika Federasiyası) Estafet Yarışları keçirilib. 

"Report"un məlumatına görə, mübarizəyə 9 komanda qatılıb. Komandaların heyətlərində gimnastlarla yanaşı, onların ailə üzvləri və məşqçilər də yer alıb. 

Onların arasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova və gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova da olub.

Komandalar 3 qrupa bölünməklə 5 müxtəlif yarışda mübarizə aparıblar. Yekunda ən çox xal toplayan komanda qalib elan olunub.

Vasileva jurnalistlərə açıqlamasında bildirib ki, ilk dəfə belə bir estafeti təşkil etməkdə məqsəd idmançılar, məşqçilər və valideynləri bir araya gətirməkdir: "Kənardan idmançıların işinin asan olduğu görünür. Çünki onların yalnız çıxışları göz önündə olur. Digər tərəfdən, bəzi valideynlər övladlarının idmançı kimi yetişməsi üçün nə qədər əməyin sərf olunduğunu yaxşı bilirlər. Qərara gəldik ki, belə bir tədbir təşkil edək və burada hamı iştirak etsin. Əlbəttə, səviyyə hamı üçün eynidir. Demək istərdim ki, əslində gimnastika - hamı üçündür. Yalnız bu növlə elit səviyyədə məşğul olaraq, Avropa, dünya və Yay Olimpiya Oyunlarında medal qazananlar üçün yox. Gimnastika ilə 4 yaşdan başlayaraq 70 yaşından yuxarı hamı məşğul ola bilər".

Qeyd edək ki, iştirakçılar üçün heç bir yaş məhdudiyyəti qoyulmayıb. Ümumilikdə iştirakçı sayı 200-dən çox olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi