Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirində mübarizəyə başlayırlar

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirində mübarizəyə başlayırlar İlk yarış günündə bir kişi, bir qadın çıxış edəcək
Fərdi
27 Oktyabr , 2018 10:34
Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirində mübarizəyə başlayırlar

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

"Report"un məlumatına görə, üç gün davam edəcək yarışda Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. Onlardan 6-sı kişi, 2-si qadındır.

İlk yarış günündə Oruc Vəlizadə (60 kq) və Aişə Qurbanlı (48 kq) tatami üzərinə çıxacaq. Onların hər ikisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Vəlizadə sloveniyalı David Starkellə üz-üzə gələcək. Qurbanlı isə ispaniyalı Xulia Figeroa ilə qarşılaşacaq. Mərhələni adlayacaq qadın cüdo 1/8 finalda serbiyalı Militsa Nikoliçlə görüşəcək.

Oktyabrın 28-də mübarizəyə Telman Vəliyev (73 kq) qoşulacaq. O, 1/16 finalda portuqaliyalı Nunu Sarayvanı sınağa çəkəcək.

Yarışın son günündə isə qalan 5 cüdoçu yarışacaq. 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 1/16 finalda Aziz Kalkamanuli (Qazaxıstan) - Li Koçman (İsrail) cütünün qalibi, Tural Safquliyev Siril Qrossklausla (İsveçrə) qarşılaşacaq.

Elmar Qasımov (100 kq) 1/8 finalda L.A.Smit III (ABŞ) - Aklmurodbek Xudoyberdiyev (Özbəkistan) cütünün qalibi, Şahin Qəhrəmanov (+100 kq) 1/16 finalda Şaotonq Yuan (Çin) ilə üz-üzə gələcək. Qəhrəmanov qələbə qazansa, 1/8 finalda Or Sassona (İsrail) rəqib olacaq.

Nəhayət, İrina Kindzerska (+78 kq) 1/4 finalda Qalina Tarasova (Ukrayna) - Kristin Buessov (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqədə 62 ölkədən 348 cüdoçu mübarizə aparacaq. Onlardan 215-i kişi, 133-ü qadındır. Yarışın ümumi mükafat fondu 154 min dollardır. 

Son xəbərlər

Orphus sistemi