"Yarış günü çox həyəcanlı idik. İlk gündə 3-cü yerlə kifayətlənməli olduq. Bundan sonrakı mərhələlərdə daha uğurlu çıxış etdik".
"Report" xəbər verir ki, bu fikirləri İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının gənclər yaş qrupunda qızıl medal qazanan Murad Rəfiyev söyləyib.
Onun sözlərinə görə, Avropa çempionatında ciddi rəqiblərlə mübarizə aparıblar: "Bizim üçün ən güclü rəqib Rusiya və Böyük Britaniya təmsilçiləri idi. Lakin son gün onları geridə qoymağı bacardıq. Yarışın ilk günündə 3, ikinci günündə 2 və son gündə isə qızıl medal qazanmağı bacardıq".
Avropa çempionu onu da bildirib ki, qalibiyyətini 2016-cı ilin aprel döyüşlərində canlarını fəda edən şəhidlərimizə, səngərdə Vətənin keşiyini çəkən əsgərlərə həsr edir.