Yuxarı

Aslan Ağayev: "Avropa çempionatından bir dəst medal gözləyirik"

Bakı. 27 aprel. REPORT.AZ/ “Hazırlığmızın sayəsində Avropa çempionatında uğurlu çıxış edəcəyimizə və Vətənə bir dəst medalla qayıdacağımıza ümid edirik. Güvəndiyim güləşçilər çoxdur”.

“Report” xəbər verir ki, bunu qadın güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aslan Ağayev Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı ərəfəsində təşkil etdiyi brifinqdə deyib.

O, son altı ay ərzində qitə çempionatına hazırlaşdıqlarını, bu müddətdə həm təlim-məşq toplanışları təşkil etdiklərini və müxtəlif turnirlərdə qüvvələrini sınadıqlarını bildirib: “Hazırlıq prosesinə əsəsən, heyətlə bağlı seçimlərimizi etmişik. 10 çəki dərəcəsi üzrə yarışda 9 güləşçi ilə təmsil olunacağıq. Bir dəst medal deyirik, təki, daha çox olsun. Qadın güləşi elədir ki, gözləmədiyin idmançı da fəxri kürsüyə yüksələ bilir. Komandanın fiziki hazırlığı normaldır. Burada sürətli olmaq daha önəmlidir. Fiziki durum da bunu tamamlayır. Bir neçə il əvvəl qadın güləşindən söz düşəndə Ukrayna və ya Yaponiya göz önünə gəlirdi. Amma indi bütün dünya güləşir. Özbəkistanın belə rəqabət apara biləcək yığması formalaşıb. Yarışın Rusiyada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Həmçinin, Belarus, İsveç, Almaniya yığmaları da güclüdür".

A.Ağayev olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnikin hazırda yığmanın düşərgəsində yer almamasını onun üçün sınaqçı-rəqib olmaması ilə əlaqələndirib: “Sonuncu təlim-məşq toplanışımız Ukraynada olub. Yarışqabağı burada ona sınaqçı-rəqib olmadığına görə şəxsi məşqçisi ilə birgə Qazaxıstan yığması ilə hazırlıq keçməsini məsləhət görmüşük. Stadnik sabah bizə qoşulacaq”.

Baş məşqçi gənclər arasında dünya çempionu Türkan Nəsirova və Leyla Qurbanovanın Avropa çempionatına aparılmamasına da aydınlıq gətirib: “Leylanın çox ciddi zədəsi var. Türkana gəlincə, onun çəkisində çıxış edən Mariya Stadnik daha güclü olduğu üçün heyətdən kənar qalıb”.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi 2 - 4 mayda olacaq. Yarışda Azərbaycanı Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi