Bakı. 18 sentyabr. REPORT.AZ/ “Dünya çempionatının startını səbrsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm”.
"Report" xəbər verir ki, bunu Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Ötən il Macarıstanın paytaxtı Budapeştdəki mundialda 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkrarlamağa çalışacağını söyləyib.
Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb. Baxmayaraq ki, onun çəkisində yerli cüdoçu yer almayacaq.
Qeyd edək ki, Aleksandr Viçerzak “Bakı 2015” I Avropa Oyunlarının bürünc medalçısıdır.