70-dən çox Azərbaycan rekordunun müəllifi vəfat etdi

70-dən çox Azərbaycan rekordunun müəllifi vəfat etdi Azərbaycanın ağırlıqqaldırma idmanına itki üz verib.
Fərdi
16 Aprel , 2020 00:01
70-dən çox Azərbaycan rekordunun müəllifi vəfat etdi

Azərbaycanın ağırlıqqaldırma idmanına itki üz verib. 

"Report"un Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəsmi saytına istinadən verdiyi məlumata görə, əməkdar məşqçi, Prezident təqaüdçüsü Yuriy İvanoviç Ryabov 81 yaşında dünyasını dəyişib.

AAAF veteran mütəxəssisin ölümündən kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Azərbaycanda ağırlıqqaldırma nönünün inkişafında, Olimpiya hərəkatında, yüksək dərəcəli idmançıların hazırlanmasında 50 ildən çox səmərəli idman fəaliyyəti göstərən Yuriy Ryabov 25 may 1939-cu ildə anadan olub. SSRİ fəxri idman ustası, Beynəlxalq və Ümumittifaq dərəcəli hakim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi və Prezident təqaüdçüsü olmuş mütəxəssis, idmançı kimi Beynəlxalq və Ümumittifaq yarışlarında Azərbaycan Respublikasının idman şərəfini layiqincə qoruyub. 1961-1974-cü illərdə idmançı kimi Azərbaycan Respublikasının ağırlıqqaldırma üzrə yığma komandasının lideri olub. 13 qat Azərbaycan çempionu olmaqla yanaşı, 70-dən çox Azərbaycan rekordlarının müəllifidir. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ‘’500’’- lər klubunun üzvü olub.

1974 və 1983-cü illərdə ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi vəzifəsində işləyib. 1979-1982-ci illərdə SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin göndərişi ilə Monqolustan Respublikasının ağırlıqqaldırma üzrə milli yığma komandasında məsləhətçi-məşqçi vəzifəsində çalışıb. Monqolustan milli yığma komandası beynəlxalq yarışlarda və 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında yüksək idman nailiyyətləri əldə etdiyinə görə Monqolustan Respublikasının “Əməkdar İdman xadimi” adına layiq görülüb. Bundan başqa, SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdirilməsinə görə, əcnəbi mütəxəssislər arasında “1980-ci il Sosialist yarışının qalibi” fəxri nişanı ilə təltif olunub.
1987-1992-ci illərdə Azərbaycan Respublikası Bədən Tərbiyəsi və idman Komitəsinin aparıcı mütəxəssisi və ağırlıqqaldırma üzrə dövlət məşqçisi vəzifəsində çalışıb. 1997-ci ilin iyun-iyul aylarında Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentliyinə seçkilərdə seçki qərargahının məsul katibi vəzifəsində fəaliyyət göstərib. 1997-2009-cu illərdə Milli Olimpiya Komitəsində baş mütəxəssis və baş müşavir vəzifələrində çalışıb. Ölkənin ictimai və idman həyatında fəal iştirak edib, son illərdə Azərbaycan Milli Antidopinq Agentliyində apellyasiya komissiyasının üzvü olub.

Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsində və inkişafında şəxsi töhfəsinə görə Rusiya Federasiyası tərəfindən diplom və xatirə saatı ilə mükafatlandırılıb.


2015-ci il Bakıda keçirilən I Avropa Oyunlarının məşəlini daşıyanlar sırasında olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi