"Rəqiblərimiz çox güclü idi. Lakin yarışın son günündə gənclər yaş qrupunda qızıl medal qazanmağa nail olduq".
Bunu "Report"a açıqlamasında İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 29-cu Avropa Çempionatında qızıl medal qazanmış Daniel Abbasov deyib.
Onun sözlərinə görə, yarışdan öncə bütün rəqiblərini analiz edib: "Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq Avropa Çempionatının gənclər yaş qrupunda qızıl medalı qazanmağa müvəffəq oldum. Sözün düzü, ilk gündə qazandığım bürünc medal sanki bizə əlavə motivasiya verdi. Artıq sonrakı mərhələlərdə vətənimizə qızıl medalı qazandıra bildik".
On üç yaşlı Avropa çempionu qeyd edib ki, gələn il keçiriləcək dünya çempionatında daha uğurlu çıxış etmək niyyətindədir.
Qeyd edək ki, kişi cütlüyü heyətində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28.600 xalla Avropa çempionu adına layiq görülüblər. Bununla da gimnastlar tam bir medal dəstini əldə ediblər. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.