Zığ-Suraxanı yolunun 5 km-lik hissəsi təmir olunur

Zığ-Suraxanı yolunun 5 km-lik hissəsi təmir olunur Zığ-Aeroport yolundan Zığ-Suraxanı yoluna daxil olmaq məqsədi ilə hazırda yeni yol hissəsi də salınır
İnfrastruktur
30 İyun , 2016 13:10
Zığ-Suraxanı yolunun 5 km-lik hissəsi təmir olunur

Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda 11 km-lik Zığ-Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin əsaslı şəkildə təmirinə start verilib. Burada yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, avtomobil yolunun 5 km-lik hissəsi uzun müddət idi təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdır.

Təmir işləri çərçivəsində qeyd edilən ərazinin 2,8 km-lik hissəsində yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yeni yol əsası tikilir. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.

Yolun 2,2 km-lik hissəsində isə köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə, yolun hərəkət hissəsinin 45 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Bundan başqa, vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılacaq. Ümumilikdə, yol boyu 6 min poqon metr yeni səki daşı düzüləcək.

Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulacaq.

Avtonəqliyyat vasitələrinin Zığ-Aeroport yolundan Zığ-Suraxanı yoluna rahat şəkildə daxil olmasını təmin etmək məqsədi ilə hazırda yeni yol hissəsi də salınır.

Son xəbərlər

Orphus sistemi