Yuxarı

Zığ-Hövsan-Türkan avtomobil yolunda 8 yerüstü piyada keçidi inşa olunacaq

“Azəravtoyol” ASC yolun yenidən qurulması işlərinə start verib

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına (2014-2016-cı illər) əsasən, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. 

“Azəravtoyol” ASC-dən "Report"a verilən xəbərə görə, bu avtomobil yolu SSRİ dövründə mövcud olan hərəkətin intensivliyinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilib. Hazırkı hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların normal, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yenidən qurulmasına başlanılıb.

İlkin mərhələdə 24,5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 6,8 km hissəsinin, ikinci mərhələdə isə yerdə qalan 17,7 km hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 km yolun 1,1 km-i Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib.

Burada ayrıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 m olmaqla yolun ümumi eni 35 m-dir. Yol boyu hər iki istiqamət üzrə 2 m enində səkilər və 400 m uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.

İlkin mərhələdə nəzərdə tutulan 6,8 km-lik yolun yerdə qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla, 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Layihəyə uyğun olaraq Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunda hərəkət hissəsinin eni 15 m., ayrıcı zolağın eni 5 m., hər iki istiqamət üzrə çiyinlərin eni 3,75 m. olmaqla torpaq yatağinin eni 27,5 m. olması nəzərdə tutulub.

Bundan başqa, əsaslı yenidənqurma işləri çərçivəsində yolboyu müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün bir istiqamət üzrə 3 m enində piyada səkiləri tikiləcək, xüsusi cibli avtobus dayanacaqları və yerüstü piyada keçidləri inşa ediləcək. Ümumilikdə, layihəboyu 21 ədəd (yolun 6,8 km-lik hissəsində 6 ədəd ) avtobus dayanacağı və 8 ədəd (yolun 6,8 km-lik hissəsində 3 ədəd) yerüstü piyada keçidinin inşası aparılacaq.

Hazırda yolun birinci mərhələsi üzrə nəzərdə tutulmuş hissəsində mühəndis kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri və suötürücü keçidlərin inşası işləri aparılır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi