Yuxarı

Zaqatalada 3 kəndin içməli su təchizatı yaxşılaşdırılıb

“Azərsu” rayonun 9 kənd yaşayış məntəqəsinə xidmət göstərir

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir. “Azərsu” ASC-nin həyata keçirdiyi layihə çərçivəsində Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala (Dombabinə) kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb.

“Report” “Azərsu” ASC-yə istinadən bildirir ki, bu kəndlərdə su təchizatı sistemi olsa da, artezian quyusu istismara yararsız vəziyyətə düşdüyündən kəndlərin içməli su ilə təminatında çətinliklər yaranıb. Bu kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün rayonun Əlibayramlı kəndi ərazisində yeni artezian quyusu qazılıb. Yeni arteziandan çıxarılan su mövcud magistral su xətti ilə Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərinə ötürülür. Su mənbəyində mövcud bulaq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib. Layihənin icrası nəticəsində Əlibayramlı kəndində 3 051, Üçüncü Talada 1 844, Muğanlı kəndində 2 787, ümumilikdə 7 682 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Qeyd edək ki, “Azərsu” hazırda Zaqatala şəhəri ilə yanaşı, rayonun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndləri də daxil olmaqla 9 kənd yaşayış məntəqəsinə xidmət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi