Yuxarı

Yardımlıda qəzalı vəziyyətdə olan körpü təmir edilib - FOTO - VİDEO

Körpü artıq vətəndaşların istifadəsinə verilib

Bakı. 15 iyul. REPORT.AZ/ Yardımlı rayonunda yeni körpü inşa edilib. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən "Report"a daxil olan məlumata görə, avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Körpünün istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə “Azəravtoyol” ASC-nin rəhbər şəxsləri, rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tikilmiş körpünün uzunluğu 12 metr, eni 4 metrdir. "Körpünün istifadəyə verilməsi böyük sevinclə qarşılanıb. Çünki uzun müddət bu ərazidə körpünün qəzalı vəziyyətdə olması insanların gediş-gəlişində xeyli çətinliklər yaradırdı" - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa, Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi