Yuxarı

Xətai rayonunun bir neçə küçəsinin təmirinə başlanılıb

Rayonun 3 küçəsində yenidənqurma işləri aparılır

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı şəhəri Xətai rayonunun Məzahir Rüstəmov və Telnov küçələrində, həmçinin general Əliağa Şıxlinski küçəsinin bir hissəsində təmir-tikinti işləri aparılır. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, M.Rüstəmov küçəsinin uzunluğu 1 400 metr, eni 14 metr, Telnov küçəsinin uzunluğu 1 340 metr, eni 13 metr, Ə.Şıxlinski küçəsində təmir işlərinin aparıldığı ərazinin uzunluğu isə 500 metr, eni 14 metrdir.

Həmin küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə, M.Rüstəmov küçəsinin 20 min kv. metr sahəsi, Telnov küçəsinin 17,5 min kv. m sahəsi, Ə.Şıxlinski küçəsinin isə 7 min kv. m sahəsi asfaltlanacaq.

Bundan başqa, təmir-tikinti işləri çərçivəsində piyada səkiləri bərpa olunaraq asfaltlanır, küçələrboyu yeni səki daşları düzülür. Ümumilikdə, M.Rüstəmov küçəsinə 2 800 paqon metr, Telnov küçəsinə 2 700 pm, Ə.Şıxlinski küçəsinə isə 1 000 pm səki daşı düzüləcək.

Telnov və Ə.Şıxlinski küçələrinin kəsişməsində yerləşən dairənin ətrafında da təmir-tikinti işləri aparılır, asfalt-beton örtüyü yenilənir və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənir.

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yağış barmaqlıqları yenilənir, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulur.

İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənir, yolun hərəkət hissəsindən kənara çıxarılır.  İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi