Yuxarı
    Bağlamaq

    Xarici ölkələrin gəmiləri Azərbaycanda təmir olunur

    Zığ Gəmi Təmiri Zavodunda Belçikanın “Jan De Nul” şirkətinə məxsus “Vesalius” gəmisinin bərpası işləri aparılır© acsc.az

    Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın gəmi təmiri zavodlarında xarici ölkələrin gəmiləri də təmir olunur. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a daxil olan məlumata görə, hazırda Zığ Gəmi Təmiri Zavodunda Belçikanın “Jan De Nul” şirkətinə məxsus “Vesalius” gəmisinin bərpası işləri həyata keçirilir.

    1980-ci ildə istismara verilən gəmi müvəqqəti olaraq Qazaxıstanın bayrağı altında üzür. Uzunluğu 90, eni 17, hündürlüyü 5 metr və ümümi tutumu 1 855 ton olan “Vesalius” dəniz dibinin dərinləşdirilməsi işləri ilə məşğul olur.

    "Artıq gəmidə tərsanə işləri başa çatıb. Yəni, bütün sualtı təmir işləri görülüb. Hazırda üzən vasitənin boru və nasosları təmizlənir, kranlarına platformalar qoyulur, mühərrikin hava sovurucusu təmir olunur. Bundan sonra gəminin ballast anbarlarından gedən boru sisteminin yerinin və qapıların dəyişdirilməsi, gəminin qazdığı torpaq və digər süxurları sovuran boruların yenisi ilə əvəz edilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.

    Gəmi təmirçiləri həm də “Vesalius”u vaxtından 5 gün tez - martın sonlarında sifarişçiyə təhvil verməyi planlaşdırıblar.

    Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) regionda ən güclü gəmi təmiri bazasına malikdir. Həm Bibiheybət, həm də Zığ gəmi təmiri zavodları mütəmadi olaraq xarici ölkələrdən sifarişlər alır. Əsasən AXDG-yə məxsus gəmilərin təmiri ilə məşğul olan zavodların xaricdən sifariş qəbul etməsi isə ölkəyə əlavə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir.

    Xatırladaq ki, təkcə ötən il Zığ Gəmi Təmiri Zavodunda təmir edilən 43 gəmidən 9-u xarici ölkələrə məxsus olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi