Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda verilmiş tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Gənclər Fondu, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, hər bir rayonda sənaye zonası, iri fermer təsərrüfatları, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. tapşırıqlar verilib.