Yuxarı

Azərbaycanın mənzil tikintisi sektoruna xarici investisiyaların cəlb edilməsi planlaşdırılır

Uyğun qiymətə mənzil təminatı məsələsi müzakirə olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub. 

Mərkəzdən "Report"a verilən xəbərə görə, müzakirə zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 2 strateji hədəfin, 6 strateji prioritetin və 18 tədbirin həyata keçirilməsi planlaşdırılıb. Bu tapşırıqlar əsasən 2020-ci ilədək qarşıya qoyulan uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi səviyyəsinin yüksəldilməsi, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin azaldılmasıdır.

Bundan başqa rəqabət mühitinin tam təmin edilməsi sayəsində layihələrin xərclərinə qənaət edilməsi, “MİDA” MMC-nin həyata keçirdiyi xidmətlərin böyük hissəsinin “Elektron hökumət” portalı vasitəsilə yerinə yetirilməsi, urbanizasiya probleminin azalması, mənzillərin orta inşaat müddətinin azaldılması, bu günədək mənzillə təmin edilməyən qaçqın və ya məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması və ölkənin tikinti sektoruna xarici investisiyaların cəlb edilməsi əsas məqsədlərdəndir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “MİDA” MMC və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi