Yuxarı

Ucar və Göyçay Rayon İcra hakimiyyətlərinə ümumilikdə 6 milyon manat ayrılıb

Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ucar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, son illər Ucar şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, mərkəzi küçələrdə müasir işıqlandırma sistemi quraşdırılıb, şəhərdaxili avtomobil yolları əsaslı təmir olunub, parklar salınıb.

Dövlət başçısı Ucarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Uçar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Ucar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılması barədə qərar verib.

Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Eyni zamanda, Prezident İlham Əliyev Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, son illərdə Göyçay şəhərinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Bayraq Meydanı Kompleksi, Uşaq Musiqi Məktəbi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 45 mənzilli 2 yaşayış binası inşa edilib, iri istehsal və emal müəssisələri yaradılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Dövlət başçısı Göyçayda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə qərara alıb ki, Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi