Yuxarı

​Türkiyədə dünyanın 3-cü ən böyük hava limanı inşa edilir

Yeni hava limanı 2018-ci ilin fevralında işə düşəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Türkiyədə ÜDM-in 5,9%-i aviasiyanın iqtisadi gəlirləri təşkil edir. Bu rəqəmin 20 il sonra 7%-ə çatdırılması nəzərdə tutulub. Hava yolu ilə sərnişin daşınması dünya üzrə 2014-cü ildə 3,3 milyard, Türkiyə üzrə 123 mln təşkil edib. Bu rəqəmlərin 2034-cü ildə dünya üzrə 7 milyarda, Türkiyə üzrə isə 381 milyona çatacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə məlumat mayın 25-26-da “Türk Hava Yolları” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın media nümayəndələrinin İstanbulda təşkil olunan press-turda verilib. Press-tur zamanı jurnalistlər “Türk Hava Yolları”nın baş ofisi, “Türk Hava Yolları” Aviasiya Akademiyası, “Türk Hava Yolları” təyyarələrini yeməklərlə təmin edən Do&Co şirkətində və “Turkish Airlines Lounge Istanbul”da olublar.

Jurnalistlər “Türk Hava Yolları”nın baş ofisində şirkətin satış üzrə prezidenti Ziya Taşkent ilə görüşüblər. Görüş zamanı şirkətin inkişaf tarixçəsinə nəzər yetirən Z.Taşkent bildirib ki, THY bu gün uçuş şəbəkəsinə görə dünya üzrə 4-cü yerdədir: “THY hazırda dünyanın 115 ölkəsinə, 241 beynəlxalq istiqamətdə və 292 nöqtəyə uçuşlar həyata keçirir. Eyni zamanda şirkət 40-dan çox meqa şəhərə də uçuşlar təşkil edir. 2034-cü ildə bu şəhərlərin sayının 91-ə qədər artırılması planlaşdırılıb. THY ötən il ümumilikdə 61,2 milyon sərnişin daşıyıb ki, onlardan 35 milyonu beynəlxalq, 26 milyonu isə yerli sərnişinlər olub. Şirkət bu ilin sonuna qədər sərnişinlərin sayını 70 milyona çatdırmağı qarşısına məqsəd qoyub. Onu da əlavə edim ki, şirkət ötən ili 1,1 milyard dollar gəlirlə başa vurub. Dünyada iqtisadi böhran hökm sürdüyü vaxtda bu çox yüksək məbləğdir. “Türk Hava Yolları” 2015-ci ildə 287 istiqamətə uçub. Hazırda təyyarələrimizin sayı 339 ədəddir”.

Satış üzrə prezident şirkətin təyyarə sayının ildən-ilə xeyli sayda artdığını deyib. Onun sözlərinə görə, artıq 2015-ci ildə 216 dar gövdəli, 74 geniş gövdəli və 9 yük təyyarəsi alıb: “Bu ilin sonuna qədər THY təyyarələrin sayını artırmağı (240 ədəd dar gövdəli, 87 ədəd geniş gövdəli və 12 yük təyyarəsi) nəzərdə tutub. 2021-ci ilə qədər isə şirkət 352 dar gövdəli, 81 geniş gövdəli və 9 yük təyyarəsi almağı planlaşdırır. Bundan başqa, şirkətimiz bu il artıq 198 (geniş gövdəli: "A330" - 1 ədəd, "B777" - 6 ədəd, dar gövdəli: "A320 CEO/NEO" - 102 ədəd, "B737 NG/MAX" - 87 ədəd, yük: "A330-200F" - 2 ədəd) təyyarə sifariş verib”.

Z.Taşkent vurğulayıb ki, hazırda Türkiyədə yeni hava limanı tikilir: “Hazırda tikintisi davam edən üçüncü İstanbul hava limanının THY-a çox müsbət təsiri olacaq. Yeni hava limanı nəinki şirkətimizə, ümumiyyətlə Türkiyə və bizim ölkəyə təşrif buyuran turistlər üçün əlverişli olacaq. Yeni hava limanının inşa edilməsində Türkiyə hökumətinin əsas məqsədi ölkəyə təşrif buyuran turistlərin, eyni zamanda hətta keçid olaraq buradan istifadə edənlərin həm təhlükəsizliyini, həm də şəraitinin yaxşılaşdırılmasıdır. Hava limanı 2018-ci ilin fevralında işə düşəcək. Beləliklə, 90 milyon sərnişin tutumu olacaq yeni aeroportun birinci fazasının açılışından və bütün fazaların işi yekunlaşdıqdan sonra dünyanın 3-cü ən böyük hava limanı olacaq. Hava limanının 76,5 kv.km sahəsi, 396 təyyarə parklama yeri, 6 uçuş-enmə zolağı, 4 terminal və 150 milyon sərnişin tutumu olacaq. Bütün fazalar istifadəyə verildikdən sonra isə Atatürk hava limanı sərnişinlər üçün bağlanacaq. Buradan artıq yalnız yük daşımaları üçün istifadə olunacaq”.

Z.Taşkent bildirib ki, Türkiyədə baş verən terror aktları ölkəyə gələn turist sayının azalmasına bir o qədərdə təsir etməyib: "Lakin Rusiya və Türkiyə münasibətlərində yaranan gərginlikdən zərəri Antalya şəhəri gördü. Çünki rusiyalı turistlər daha çox Antalyaya səfər edir. Amma bir daha qeyd etmək istəyirəm ki, hazırda turistlər ölkəyə rahat şəkildə səfər edə bilərlər. Bütün bunlara baxmayaraq bu gün Türkiyəyə kifayət qədər turist axını var. Hazırda Atatürk hava limanı imkanları daxilində gücündən artıq şəraitdə işləyir. Bu səbəbdən Türkiyənin artıq çoxdan 3-cü hava limanının tikilməsinə ehtiyac var idi. Eyni zamanda yeni hava limanında THY-da öz fəaliyyətini daha da genişləndirəcək. Burada THY-nin təyyarələrinin sayı 450 ədəd olacaq və təbii ki, uçuş istiqamətlərinin də sayı artacaq. Atatürk hava limanında təyyarələrin yola salınması zamanı tez-tez yaranan sıxlıq halları artıq burada olmayacaq. Düşünürəm ki, THY-nin 3-cü hava limanı açıldıqdan sonra fəaliyyətinin genişlənməsi Azərbaycandan olan səfərlərimizə də müsbət təsir edəcək”.

Daha sonra “Turkish Do&Co” şirkətində jurnalistlər üçün xüsusi təqdimat keçirilib. Artıq 6 ildir “Türk Hava Yolları”nın partnyoru, dünyanın ən böyük keyterinq şirkətlərindən biri “Turkish Do&Co” şirkətin təyyarələrdə daha bir yenilik edib. Belə ki, THY-nın birinci və biznes sinfinin uzaq uçuşlarında artıq “Uçan aşpaz” (Flying Chef), yaxın uçuşlarında isə “Uçan Xidmət aşpazları” (Flying Service Chef) xidməti göstərir. Əlbətdəki “Uçan aşpaz”lar təyyarədə yemək hazırlamır, onlar hazır yeməkləri zövqlü şəkildə təqdim etməklə yanaşı, sərnişinlərə özəl xidmətlər göstərirlər.

Jurnalistlər həmçinin “Türk Hava Yolları”nın Aviasiya Akademiyasını ziyarət edib. Bu Akademiyada hər il 25 minə yaxın tələbə, distant təhsil vasitəsilə isə 230 min tələbə təhsil alır. Akademiyada təkcə türk hava yolları şirkətləri üçün deyil, eyni zamanda dünya üzrə hava yolları şirkətlərinə, karqo şirkətlərinə, turizm agentliklərinə, universitetlərə və s. mövzularda təlimlər keçirilir. Burada real təyyarə simulyatorlarında yeni və professional pilotlar mütəmadi olaraq uçuşa göndərilməmişdən əvvəl təcrübə keçir. Təcrübə uçuşlarından uğurla keçə bilməyən pilotlara uçuş təyyarələrini idarə etmək həvalə edilmir. Uçuş heyətinin üzvlüyünə namizəd olanlar mütləq şəkildə Akademiyada praktiki təlimlər keçirlər. Hətta artıq THY-nın pilotu vəzifəsində çalışanlar belə hər 6 aydan bir mütləq olaraq bu təlimlərdən keçməlidirlər. Təlimi keçə bilməyən pilotlar sükan arxasına buraxılmır.

Jurnalistlər Akademiyada "A320" təyyarə simulyatorunda qısa təlim keçiblər.

Azərbaycana yola düşməzdən əvvəl jurnalistlər dünyanın ən yaxşı biznes sinif hava yolu “Turkish Airlines Lounge Istanbul”da olublar. Bu zalın sahəsi (6000 kv.m yerdə 1.030 adama xidmət göstərilir) olduqca böyükdür. Hətta dünyanın bəzi hava limanlarının sahəsi “Turkish Airlines Lounge Istanbul”un sahəsindən kiçikdir. Uçuşdan əvvəl istirahət üçün nəzərdə tutulan ikimərtəbəli “Lounge”da kafelər, uşaqlar üçün avtomobil yarışı oyunları, playstation, bilyard masası, kitabxana, dua otağı, telekonfrans zalı,qolf simulyatoruvar. “Lounge”da istirahət edən sərnişinlər əl baqajları burada olan xüxusi şüşə seyflərdə saxlanılır. Burada hətta massajist-terapistləri elə oturacaqlarda sərnişinlərə rahatlayıcı massaj xidmətidə təklif edir. Eyni zamanda “Lounge” İstanbuluda bütün növ yemekləri “Turkish Do&Co” şirkəti təmin edir. Bundan əlavə, “Lounge”da 8 özəl “suit” otaqda var. Bu otaqları əvvəlcədən bron edən sərnişinlər uçuşa qədər olan vaxtlarını sərfəli keçirməklə yanaşı, duş qəbul edə və dincələ bilərlər.

“Türk Hava Yolları” 2007-ci ildə, Britaniyanın nüfuzlu “Skytrax” şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində 4 ulduzlu hava yolu şirkəti statusunu qazanıb. Bundan başqa, aviasərnişinlərin məmnuniyyətini dəyərləndirən “Skytrax” ötən il (5 il ardıcıl olaraq) THY-nı “Avropanın ən yaxşı” hava yolu şirkəti seçib. Bu baxımdan THY aviaşirkəti xidmət səviyyəsinə görə Avropada da birinci sayılır.

Qeyd edək ki, THY Azərbaycanda 1991-ci ildə martın 25-də fəaliyyətə başlayıb. THY Bakıya gün ərzində 5 dəfə uçuş həyata keçirir. Bunlardan 4-ü “Atatürk”, 1-i isə “Sabiha Gökçen” hava limanından baş tutur. Eyni zamanda şirkət həftədə 2 dəfə Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən həyata keçirir. Bu aviareyslərdə nəzərə alınmaqla THY-nın təyyarələri həftədə 37 dəfə Bakıya gəlir. Şirkətin uçuşları “Airbus A321” təyyarələri ilə reallaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi